Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə səfir Gürsel İsmayılzadə Yaponiya Xarici İşlər nazirinin parlament üzrə müavini, Yaponiya parlamentinin üzvü Şıniçi Nakatani ilə görüşüb.
Yaponiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki dost ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Səfir G.İsmayılzadə Azərbaycanda hazırkı ictimai-siyasi və iqtisadi vəziyyət, o cümlədən ölkə rəhbərliyi tərəfindən həyat keçirilən geniş islahatlardan danışıb. Qeyri-enerji sektorunun inkişafı, Azərbaycan–Yaponiya münasibətləri haqqında məlumat verib. Diplomat Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus ilə mübarizə istiqamətində görülən işlərdən, ölkəmizdə infeksiyanın kütləvi yayılmasının qarşısının uğurla alınmasından bəhs edib.
Ş.Nakatani verilən məlumatlara görə, minnətdarlığını bildirib, Yaponiyada COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində hökumətin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə Azərbaycan–Yaponiya münasibətlərinin inkişafı, əməkdaşlığımızın bir sıra istiqamətlər üzrə perspektivləri istiqamətində müzakirələr aparılıb. Hər iki tərəf enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Bununla yanaşı, qeyri-enerji sektoru, o cümlədən kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu vurğulanıb.
Söhbət əsnasında nazir müavininə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat da verilib.
Nazir müavini vurğulayıb ki, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində ondan asılı olan addımları bundan sonra da atmaqda davam edəcəkdir.