Ev Turizm Xəbərləri Azərbaycanda hər meyvənin öz festivalı var: Narla başlayıb, şərabla bitən… – FOTOLAR

Azərbaycanda hər meyvənin öz festivalı var: Narla başlayıb, şərabla bitən… – FOTOLAR

Festival

Dünyada əylənmək, güc göstərmək, məhsulu təqdim etmək, zövq almaq, turizm, diqqət çəkmək, reklam, tarixi qorumaq, dini inanc, bir sözlə, çox şey üçün festivallar keçirilir. Rəngli görüntülərə səhnə olan bu festivallara dünyanın müxtəlif ölkələrinin vətəndaşları qatılır. Bu isə keçirilən festivalın arealını genişləndirir.

Cebhe.info diqqəti Azərbaycanda keçirilən festivallara yönəldib. Məlumat üçün bildirək ki, ölkəmizdə ənənəvi olaraq təşkil olunan festivalların sayı çox deyil. Şəhər və ya rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən festivalların məqsədi regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir. Müqayisə üçün bildirək ki, xaricdəki festivallar kimi Azərbaycanda təşkil olunan bu bayramlara yerli vətəndaşların marağı olduqca azdır.

2006-cı ildə ilk dəfə Göyçay “Nar bayramı” keçirilib. “Nar bayramı”nda Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar nümayiş etdirilib. Məlumata görə, Azərbaycanda ümumilikdə 65 nar növü var ki, bunun yalnız 10 növü Göyçayda yetişir.

2012-ci ildə Qubada “I Alma bayramı” keçirilib. 2017-ci ildə isə Qubada eyni vaxtda ilk dəfə həm “V Alma bayramı”, həm də “I Xalça festivalı” təşkil olunub. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyat və içkilər nümayiş etdirilir. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxləri və həyat tərzini əks etdirən stendlər təqdim olunub. Həmçinin iştirakçılara Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilib və xalçaların satışı da təşkil olunub.

2017-ci ildə Lənkəran şəhərində ilk dəfə “Çay, çəltik və sitrus meyvələri”nin festivalı keçirilib. Azərbaycanın dövlət atributları və şəhərin simvolunu əks etdirən festivalda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəsgahı təşkil edilib. Bundan əlavə, tədbir iştirakçılarına təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan “Ləvəngi“dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.

2017-ci ildə Balakəndə ilk dəfə “Beynəlxalq xurma festivalı” keçirilib. Xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsulları sərgisi, o cümlədən xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işləri ilə də tanış olublar. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyiblər.

2018-ci ildə Zaqatala rayonunda I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.


2019-cu ildə Şamaxı rayonunda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilib. Tədbirdə iştirak edən şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Burada eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri də təqdim edilib.