Azərbaycanı keyfiyyətli turizm brendi kimi dünyaya tanıtmaq üçün bacarıq lazımdır. Biz yeni bazarlar açmalı, onlayn tədarük şəbəkəsi yaratmalıyıq.
Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmidt deyib.
Onun sözlərinə görə, hər bir ölkə özünü gözəl mənzərəsi ilə dünyaya tanıtmağa çalışır, özünün qlobal rəqabətdə fərqliliyini göstərir. Bu fərqliliyi hər kəs yarada bilir. Bizim strategiya da bu fərqliliyi inkişaf etdirməkdir. Biz turizmin inkişafı üçün bir çox hədəflər seçmişik. Bu gün onlardan ilkini – turizm brendini təqdim edirik. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq”.
F.Sengstschmidt qeyd edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində turizm strategiyası ölkə üçün daha önəmli olacaq.
Onun sözlərinə görə, nəzərdə tutulan turizm strategiyasına uyğun olaraq, hotellərin onlayn reytinqi qurulacaq, bələdçilərin sertifikatı olacaq: “Tarixi qoruqlarla bağlı layihələr hazırlanır. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqal bölgəsi üzrə olacaq. Yanardağda çox gözəl sərgi mərkəzi açacağıq. Şahdağda da mövcud infrastruktur genişləndirilir. 24 saat ərzində işləyən “Qaynar xətt”, informasiya texnologiyalarından istifadə bizim üçün çox vacib alətdir. Biz stimullaşdırıcı tədbirlərlə də bağlı təkliflərimizi verəcəyik”.