Ev Gəzməli yerlər Gəzəyənlər Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar – Turizm Agentliyi

Qoruqlar dövlət büdcəsindən asılılığı azaltmalıdırlar – Turizm Agentliyi

Qoruq

Dövlət Turizm Agentliyinin əsas fikri qoruqlar üçün yeni idarəetmə modeli tətbiq etməkdir.

Bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.

DTA-nın tabeliyində 7 qoruğun olduğunu xatırladan M.Muradov əlavə edib ki, qoruqlar mütləq özünü maliyyələşdirməli, dövlət büdcəsindən asılılığı azaltmalıdırlar: “Qoruqlar eyni zamanda, turizm xidmətləri təşkil etməlidirlər. Bundan başqa, qoruqlar öz ərazisi çərçivəsində sosial məsələlərə həssas olmalıdırlar. Təbii ki, biz bu işləri tək görməyəcəyik. Mərkəzi icra hakimiyyəti orqanlarından tutmuş yerli icra hakimiyyəti, turizm sənayesinin nümayəndələri ilə birlikdə görəcəyik”.

M.Muradovun sözlərinə görə, hotel və restoranlar turistlərə göstərdikləri xidmətin məsuliyyətini daşımalıdırlar: “Keyfiyyətli turizm xidmətinin göstərilməsi üçün DTA tərəfindən turizm sənayesinin üzvlərinə də lazımi dəstək veriləcək”.

M.Muradov qeyd edib ki, turistlərin yerləşdirilməsi üçün hotel, hostellər və Bakı kəndlərində standartlara cavab verən evlər olmalıdır.

Onun sözlərinə görə, DTA bu istiqamətdə bütün ölkədə hotel, hostel və digər yerləşdirilmə obyektlərinin tikilməsini təşviq edilməsi üçün mexanizm üzərində işləyir: “Bununla bağlı təkliflər yaxın zamanlarda DTA tərəfindən hökumətə təqdim ediləcək”.