Yeni “Turizm haqqında” qanun layihəsi turizm sənayesinin üzvləri üzərində ağır öhdəliklər yaratmır.
Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə turizm sahəsindəki münasibətlər, hüquq və vəzifələr 1999-cu ildə qəbul edilmiş “Turizm haqqında” qanunla tənzimlənir. Ancaq turizm sahəsi daim inkişaf etdiyi üçün müasir turizmin tələblərinə cavab verəcək hüquqi təkmilləşdirilmiş bazanın formalaşmasına ehtiyac yaranır. Müasir turizmin inkişaf tendensiyaları və turistlərin gözləntilərinin qarşılanması zərurəti yeni tənzimləyici mexanizmin – qanunvericilik bazasının formalaşmasını labüd edir.
K.Quluzadə qeyd edib ki, yeni “Turizm haqqında” qanun layihəsi bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədilə hazırlanıb. Burada təkcə turizm sənayesinin tənzimlənmə mexanizmləri deyil, həm də turizm ehtiyatlarından səmərəli istifadə qaydaları və turizm sahəsinin maliyyələşdirilmə mənbələri öz əksini tapıb.
Agentlik rəsmisi hesab edir ki, qanun layihəsi turizm sənayesinin üzvləri üzərində ağır öhdəliklər yaratmır. Əksinə daha səmərəli və düzgün sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə zəmin yaradır. Qanun layihəsi turizm sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq üçün turizm sahəsində dövlətin apardığı siyasətin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir. Layihədə, həmçinin turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin effektiv şəkildə aradan qaldırılması məqsədilə onların hüquq və vəzifələri göstərilib. Eləcə də təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri, həmçinin həyat və sağlamlıqlarının sığortalanması məsələləri əks etdirilib:
“Ümumilikdə qanun layihəsi turizm sahəsində önəmli olan terminlərə hüquqi anlayış verir. Turizmin formalarını, Azərbaycan üçün prioritet hesab edilən və beynəlxalq praktikada aktual olan turizm növlərini müəyyən edir. Layihədə ayrı-ayrı turizm növlərinin paralel inkişafı da öz əksini tapır. Bu da turizmdə mövsümilik probleminin aradan qaldırılmasına hədəflənib. Qanun layihəsində nəzərdə tutulan digər məsələ turizm sahəsinin inkişafının planlı şəkildə həyata keçirilməsi üçün vahid strateji sənədin – milli turizm strategiyası sənədinin hazırlanması və mütəmadi yenilənməsidir”.