Ev Turizm Xəbərləri Azərbaycanın turizm imkanları: Əldə olunan nəticələr və gələcək perspektivlər

Azərbaycanın turizm imkanları: Əldə olunan nəticələr və gələcək perspektivlər

turizm

Dünyanın sosial-iqtisadi resursları sırasında yer alan turizm sənayesi, çağdaş dövrün ən dinamik və populyar sahələrindəndir. Beynəlxalq təhlillər göstərir ki, bu sahənin yerləşmə arealı və istifadə imkanları hər zaman əsas götürülür. Turizmdən böyük gəlirlər əldə edən Amerika Birləşmiş Ştatları, Fransa, İspaniya, Türkiyə, İtaliya, digər Avropa və Şimali Amerika ölkələrində bu sənayenin rolu iqtisadi dövriyyə və marketinqdə xüsusi çəkiyə malik olmağı ilə şərtlənir. Ölkələrin istehsal potensialı, gəlirlilik səviyyəsi və məşğulluğunun artırılmasında turizm sektorunun əhəmiyyətli təsiri var. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artacaq. 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq. Proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti çoxdur. Bütün bunları nəzərə alaraq, turizm sahəsinin dünyanın bir çox ölkələrinin sosial-iqtisadi inkişafının əsas təkanverici qüvvəsi hesab olduğu qənaəti təkzibolunmazdır.

Azərbaycan dünyanın turizm mərkəzlərindən biri kimi…

Bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf yolu seçən ölkəmiz, müstəqillikdən sonra beynəlxalq münasibətlərə inteqrasiya etməklə dünyanın ən aparıcı və inkişaf etmiş ölkələri ilə iqtisadi əlaqələrini genişləndirməyə başlayıb. Bu əlaqələrin inkişaf etdirilməsi fonunda əməkdaşlıq turizm sahəsindən də yan keçməyib. Bu sahədə atılmış ilk addım -1999-cu ildə “Turizm haqqında qanun” və 2002-ci ildə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizminin inkişafı Proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafı üçün zəmin yaradıb. Azərbaycanın turizm sahəsinin inkişaf etdirilməsi, gələcəkdə turist axınının sürətləndirilməsini təmin etmək üçün sonralar bir çox işlər görülüb. Ölkəmiz 2001-ci ildən etibarən Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv qəbul edilib. Bu tarixi hadisədən sonra turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb. Sonrakı mərhələdə çoxsaylı addımlar atılacağı düşünülüb.

Son illər bu sahənin inkişafı istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Ölkəmizdə turizmin müxtəlif növlərinin formalaşmasına, bu sahədə çalışan kadrların maarifləndirilməsinə dəstək olan “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması və 2011-ci ilin “Turizm ili” elan edilməsi, əlbəttə, bu sahənin inkişafında mühüm nəticələr əldə olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb. Eyni zamanda, 2015-ci ildə bu sektorda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, habelə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar. Səmərəli islahatların tərkib hissəsi sayılan Dövlət Turizm Agentliyinin yaradılmasından sonra turizm sənayesinin tərəqqi etməsi, daxili turizm potensialının dünya bazarına çıxarılması, eləcə də maddi-mədəni abidələrimizin turistlər üçün daha maraqlı məkana çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülməyə başlanılıb.

Bizi dünyaya tanıdan şüar – “Take another look”

Dövlət Turizm Agentliyinin “Bir daha bax” (Take another look) şüarı ilə tanınan Azərbaycanın yeni turizm brendinin ötən ilin noyabrında Londonda “Dünya səyahət bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilməsini böyük uğurların başlanğıcı hesab etmək olar. Bir çox ölkələrdə təqdimatı keçirilən bu brend ölkəmizin qonağı olacaq hər bir xarici vətəndaşa Azərbaycanı daha yaxından tanıtmaq üçün yeni fürsətlər yaradır. Yerli və xarici mütəxəssislərin iştirakı ilə ərsəyə gələn brend bütövlükdə xalqımıza məxsus ən ali dəyərləri özündə birləşdirir. Bu gün Dövlət Turizm Agentliyinin nümayəndə heyəti çoxsaylı beynəlxalq görüşlər və danışıqlar vasitəsilə ölkənin turizm potensialının tanıdılması və ölkəyə çoxlu turistin cəlb olunması üçün önəmli görüşlər keçirir. Bu məqsədlə, turizm imkanlarımızın təbliğatı genişləndirilir. Turizm biznesinin gələcək perspektivləri müzakirə olunur. Qarışlıqlı əməkdaşlıq haqqında təcrübə mübadiləsi həyata keçirilir, eyni zamanda, hüquqi sənədlər imzalanır. Hazırda gündəmdə olan turizm haqqında yeni qanun və turizm polisinin yaradılması istiqamətində ciddi iş aparılır. Yaxın aylarda bu sahədə müvafiq irəliləyişlərin şahidi ola biləcəyik.

Ölkəmiz üç milyonuncu qonağını qarşıladı

Dövlət Turizm Agentliyinin turizm strategiyasına uyğun olaraq, Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Gürcüstan, Sinqapur, Latviya, Cənubi Koreya, Almaniya, Hindistan, Vyetnam, Mərkəzi Asiya və Yaxın Şərq Ölkələri ilə turizm sahəsində ikitərəfli əməkdaşlıq üçün qarışlıqlı səfərlər təşkil olunur. Müvafiq danışıqlar aparılır. Ölkəmizin turizm potensialının sürətli təbliği və ondan istifadə imkanlarının təşviq olunması üçün artıq 6 xarici ölkədə turizm nümayəndəliyi fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında ilbəil artım müşahidə edirik. Misal olaraq qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.1 faiz və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6 faiz, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6 faiz artaraq 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20.2 faiz, 46.7 faiz və 38 faiz daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib. Ölkəmizə gələnlərin sayına görə Rusiya (69 min) və Gürcüstan (68 min) ən yüksək göstəricilərə malikdir. Gələnlərin yarıdan çoxunu, yəni 56.7 faizini bu iki ölkənin vətəndaşları təşkil edib. Faiz göstəricilərinə görə, ən yüksək artım tempi müvafiq olaraq 33.5 faiz, 40.1 faiz və 35.5 faizlə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur. Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76.3 faiz göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3.4 min və 2 min nəfər artaraq müvafiq olaraq 27 min və 17 min nəfər təşkil edib. Noyabr ayında Azərbaycanı səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13.3 faiz artaraq 241 minə çatıb. Sevindirici haldır ki, biz bu ay artıq üç milyonuncu ziyarətçini də qarşılamışıq.

Azərbaycan turistlər üçün risklərin minimum olduğu ölkələr sırasında…

Əlbəttə, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzləri – otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Bu gün Dövlət Turizm Agentliyinin gördüyü işlər, Azərbaycan Turizm Bürosu, Qoruqları İdarəetmə Mərkəzi, Turizm informasiya mərkəzləri, Destinasiya Menecmenti təşkilatlarının Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının koordinasiyalı şəkildə fəaliyyəti ölkəmizin turizm imkanlarından səmərəli şəkildə istifadə edilir. Dəstək göstərilməsi ümumi işin xeyrinə atılan ən uğurlu addımlardır. Ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, flora və faunasının zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlərə yol açan amillərdəndir. Odur ki, turizm sahəsində mövcud olan geniş imkanlar bir çox beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq etməyimizi zəruri sayır. Dövlət Turizm Agentliyinin hazırda bir neçə beynəlxalq təşkilat – Ümumdünya Turizm Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatla əməkdaşlıq etməsi turizm imkanlarımızın genişlənməsi və səmərəliliyin artırılmasına təsir göstərən faktorlardandır. Həmçinin agentliyin media qurumları ilə yaratdığı sıx və operativ əlaqələr də turizm imkanlarımızın təbliği və inkişafına müəyyən töhfələr verir. Sevindirici haldır ki, “International SOS” səyahət təhlükəsizliyi xidmətləri şirkətinin apardığı tədqiqatlar üzrə tərtib olunmuşdur. Xəritədə Azərbaycan turistləri üçün risklərin minimum olduğu ölkələr sırasındadır. Xəritənin hazırlanmasında tibbi və səyahət təhlükəsizliyi riskləri, habelə infeksiyalı xəstəliklər və siyasi sabitlik amilləri nəzərə alınıb.

Ümumi nəticədən çıxış edib bu qənaətə gəlirik ki, əməkdaşlıq əlaqələri dinamik sürətdə artırılır. Təcrübə mübadiləsinə üstünlük verilir. Turist məmnunluğu təmin edilir. Ölkəmizin turizm strategiyası daha da təkmilləşdirilir, ölkəyə gələn turistin təhlükəsizliyinə diqqət göstərilir. Habelə vətəndaş cəmiyyətinin yardımından faydalanmaqla qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.

Ancaq buna baxmayaraq, ölkəmizin turizm potensialı və ondan istifadə imkanının səs-sorağı daha böyük coğrafiyaya yayılmalıdır. Müsbət dinamika daha da güclənməlidir. Çünki ölkəmizin mövcud imkanları daha böyük inkişaf üçün zəmin yaradır.