Ev Turizm Xəbərləri Azərbaycanlıların müalicə turizminin istiqaməti dəyişdi – İrandan Rusiyaya doğru…

Azərbaycanlıların müalicə turizminin istiqaməti dəyişdi – İrandan Rusiyaya doğru…

turizm
Adil Qeybulla: “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir”
Səhhətində hər hansı problemi olan şəxs yerli səhiyyəyə etibar etmədiyi halda, xarici həkimlərin əllərinə güvənir. Məlumdur ki, son illər müalicə və müayinə üçün İrana gedənlərin sayı artıb. Ancaq son zamanlar İranda azərbaycanlılara göstərilən münasibət onların müalicə üçün İrana getməməsinə səbəb oldu.
Artıq vətəndaşlarımızın bir qismi müalicə üçün Rusiyaya daha çox üz tutur. Belə ki, Rusiya Səhiyyə Nazirliyi ölkə xəstəxanalarında müalicə alan əcnəbilərlə bağlı statistikanı açıqlayıb. Bu ilin ilk 8 ayında Rusiyada 1,2 milyon xarici ölkə vətəndaşı müalicə alıb. Onlar arasında çoxluğu Özbəkistan, Qazaxıstan, Azərbaycan və Tacikistan vətəndaşları tutur. Bu 4 postsovet ölkəsinin vətəndaşları müalicə alan əcnəbilərin 60%-dən çoxunu təşkil edib.
Siyahıda Azərbaycan vətəndaşlarının əcnəbilər arasında 3-cü yerdə cəmləşməsi yüzminlərlə azərbaycanlının müalicə üçün Rusiyaya üz tutmasından xəbər verir. Ekspertlərin fikrincə, xüsusən keçmiş Sovet respublikalarının sakinlərinin müalicə üçün Rusiyaya getməsi yüksək tibbi xidmət, münasib qiymət və ərazi yaxınlığı ilə əlaqəlidir.
“İranda səhv, yarımçıq müalicə olunanlarla bağlı xeyli nümunə var”
Tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, “Azərbaycanda həkim yoxdur” fikri emosional bir yanaşmadır. Bu cür düşüncə isə həkimdən çox, şarlatanlarla, özünü reklam etdirənlərlə, aşağı səviyyəli tibb təhsili verən universitetləri bitirənlərlə qarşılaşma nəticəsində yaranıb: “Sadəcə, həkim seçimini düzgün aparmaq lazımdır. “Azərbaycanda həkim yoxdur” deyimi ölkəmizdə həkimə qarşı münasibətin bir ifadəsidir. Bu münasibət isə bumeranq effekti verir. Xəstə özü bu münasibətdən əziyyət çəkir. İrana bir müddət kütləvi axın oldu. Sonradan məlum oldu ki, İranda səhv, yarımçıq müalicə olunanlarla bağlı xeyli nümunə var. Həm də İranda bu gün müalicə xeyli bahalaşdığından, insanlar ora az gedirlər”.
A.Qeybullanın sözlərinə görə, Azərbaycan səhiyyəsində problem olmadığını da demək olmaz: “Birinci məsələ odur ki, ölkəmizdə səhiyyə xərcləri vətəndaşların çoxunun cibinə uyğun deyil. Bəlkə də icbari tibbi sığorta olsa, bu problem aradan qalxar. Digər tərəfdən, xəstələrin bizim səhiyyəmizə güvənini azaldan bir fakt məmurların özünün, bütövlükdə, həkimlərə münasibətidir. Məsələn, məmurlar başqa ölkələrdə müayinə, müalicə olunurlar, ən xırda şey üçün xaricə gedirlər. Bu şeylərə diqqət etmək lazımdır. Bu gün Azərbaycana Avropanın müxtəlif ölkələrində, Türkiyədə təhsil alıb qayıtmış xeyli tibb mütəxəssisi var. Onlar Qərb səhiyyəsinin standartlarını bilirlər. Hesab edirəm ki, səhiyyənin təşkilində müəyyən qüsurlar olsa da, maddi-texniki bazanın yaxşılaşdırılması və kadr cəhətdən xeyli irəli getmişik. Sadəcə, bu iş düzgün təşkil olunmalı, həkimlərin həyat səviyyəsi yaxşılaşdırılmalıdır. Efirlərdə səhiyyədə olan problemlər işıqlandırılmalı, sanitariya istiqamətində maariflənmə işi gücləndirilməlidir. İnsanlar özlərini hansı xəstəliklərdən necə qorumalı olduqlarını bilməlidirlər”.
Həmsöhbətimiz əlavə etdi ki, “Azərbaycanda ən yaxşı həkim filankəsdir” deyimini real olmayan bir hal adlandırır: “Ən güclü həkim anlayışı o istiqamətdə çalışan digər həkimlərin işini kölgə altında qoyur. Nəticədə məlum olur ki, o ad verilən həkim, sadəcə, reklam sayəsində bu adı qazanıb, işə gələndə isə belə deyil. Məsələn, Qərb təbabətində həkimlərin yetişdirilməsi prinsipləri var. Bir sahənin mütəxəssisi konkret bir xəstəliyin diaqnozunu qoymaq, müalicə etmək üçün beynəlxalq protokolları öyrənir. Həmin ixtisası almış hansı həkimə getsən, onlar sizi eyni cür müalicə edəcəklər. Qayda-qanunla. Amma həkimlik özfəaliyyətə dönəndə, qarmaqarışıqlıq yaranacaq. Bu kimi hallar sistemə düşməlidir”.