Ev aktual Azad edilən rayonların bərpa planında nələr olacaq?

Azad edilən rayonların bərpa planında nələr olacaq?

12
0
Cəbrayıl
Azərbaycan öz torpaqlarını erməni işğalçılarından azad edir. Ordumuzun uğurlu hərbi əməliyyatları belə deməyə əsas verir ki, yaxın zamanlarda Ermənistanın işğalçı ordusu ərazilərimizdən tamamilə çıxarılacaq. Artıq dövlət həmin ərazilərin inkişaf etdirilməsi ilə bağlı plan da hazırlayır.
Xəbər verildiyi kimi, Azərbaycan Preizdenti İlham Əliyev də bildirib ki, işğaldan azad edilən və ediləcək bölgələrin inkişaf planlarının hazırlanması üçün göstəriş verilib. Ölkə başçısı qeyd edib ki, biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilib. Plan hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər.
İqtisadçı- ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında həmin ərazilərdə ənənəvi və inkişaf etdirilə biləcək sahələrdən danışıb:
“Sentyabrın 27-dən indiyədək azad olunmuş və işğal altında olan torpaqlarımızda əsasən kənd təsərrüfatı məhsulları inkişaf edib. Əvvəllər burada pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahələri inkişaf edib. Əsasən Aran zonasında taxılçılıq, Kəlbəcər, Laçın rayonlarında isə heyvandarlıq inkişaf edib. Sovet dövründə Aran zonası qoyunçuluğun qışlağı, Laçın, Kəlbəcər ərazisi isə yaylağı kimi istifadə olunurdu. Bu ərazilərdə müəyyən sənaye müəssisələri də var. Sənaye müəssisələri əsasən kənd təsərrüfatı təmayüllü olub. Məsələn, şərab istehsal olunurdu. Bundan başqa emal sənayesi də olub.
Əsasən Laçın, Kəlbəcər rayonlarında mədən sənayesi də inkişaf etmişdi. Çünki bu ərazilərdə qızıl yataqları var. Bu ərazidə Keçidağ deyilən yerdə Rusiya şirkətləri və Amerikanın qıpzıl hasil edən bir şirkətinin filialı qızıl hasil edirlər. Yəni burada mədən sənayesinin inkişafı üçün şərait var”.
Ekspert əlavə edib ki, bu ərazilər turizmin inkişafı baxımından da əlverişlidir:
“Xüsusən Şuşa, Laçın, Kəlbəcər əraziləri turizmin inkişafı üçün də önəmli və perspektivlidir. Həmin rayonlarda turizmin inkişafı üçün olan imkanlar, Qafqazın digər ərazilərində yoxdur. Burada müalicəvi bulaqlar var. Bu əraziləri düşmənin bütün ziyanverici qurğularından tam təmizlədikdən sonra turizmi inkişaf etdirmək olar. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin də iştirakı ilə işğaldan azad olunmuş həmin ərazilərimizin inkişaf planını hazırlamaq olar.
Amma burada təcrübəli mütəxəssislər olmalıdır ki, inkişaf planı uğurlu olsun. Onun üçün planı hazırlayan heyətin tərkibinə vətəndaş cəmiyyətindən və ictimaiyyətdən nümayəndələr əlavə etmək lazımdır. Bu həm iqtisadiyyata töhfə verər, həm də işlərin sürətli aparılmasına kömək edər”.