Ev Danimarka Azad olan qəsəbə – Kristiania

Azad olan qəsəbə – Kristiania

 

Şəhər içində özünün pul vahidi, bayrağı, qanunları olan qəsəbə

Danimarkanın mərkəzində, öz qayda-qanunları olan, özü yetişdirib, satan, “xoşbəxt” insanların qurduğu Kristiania qəsəbəsi var. Bu qəsəbə 45 ildir ki, Kopenhagendə dimdik durmağı bacarıb. Qəsəbədə hər şey bizim öyrəşdiyimiz dünyadakı qayda-qanundan fərqlidir.

Kristiania Danimarkanın paytaxtı Kopenhagendə 35 hektarlıq əraziyə qurulmuş avtonom qəsəbədir. 1971-ci ildə hippilərin və işsiz gənclərin tərk edilmiş hərbi əraziyə yerləşməsi ilə yaranıb. Bir müddət sonra istədiyi şeyləri edə biləcəkləri bohem həyat tərzi yaradıblar. Qəsəbənin girişində “Avropa Birliyi torpaqlarını tərk edirsiniz” – yazısı asılıb. Buranın öz bayrağı, hətta “Lon” adlı pul vahidi belə var.

Kristiana,Danimarka

Buradakı bütün evlər Graffiti ilə rənglənib. Hətta zibil maşınları belə qəsəbənin tərzinə uyğunlaşıb. Gündüz istehsal ilə məşğul olan insanlar, axşamları birlikdə əylənirlər. Qəsəbəyə dünyanın hər yerindən sənətkarlar, musiqiçilər gəlir. Axşamüstü gəzintiyə çıxanda hər küncdən fərqli musiqi alətlərinin sədalarını eşitmək olur.

Kristiania,Danimarka

Qəsəbə qanunlarına görə, avtomobil istifadəsi qadağan olunub. Burada sadəcə ekologiyaya zərərsiz nəqliyyat vasitələrinə icazə var. Vətəndaşların vergi ödəmək məcburiyyəti yoxdur. Bundan başqa, burada silahdan, kokaindən, metanfetamin kimi maddələr də istifadə etmək olmaz. Ancaq marixuana tamamilə sərbəstdir. Əsas gəlir mənbəyi turistlər olan qəsəbənin dərzi, market, restoran kimi yerlərdən əldə edilən gəliri də ortaq kassaya toplanılır. Bütün qərarlar ortaq məclisdə verilir. Kristianiada yaşayan hər kəs iclasda iştirak edə bilir.

Kristiania, Danimarka

Oğurluq edən adam qeyd-şərtsiz qəsəbədən uzaqlaşdırılır. Danimarka höküməti bir neçə dəfə buranı yığışdırmaq istəsə də, çox sərt üsyanla qarşılaşdığı üçün reallaşdıra bilməyib və 45 illik qəsəbə dimdik ayaqda durmağı bacarıb.