Varşavanın gəzib-görməli yerləri

Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəam. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.

Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.

varşava

Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm.

 

***

Maşınla çıxdığım bu dəfəki Polşa səfərimsə əvvəlkilərdən fərqlidi. İndi ailəyləyəm, uşaqları gəzməyə, görməyə, tanımağa gətirmişəm.

“Varş və Sava” əfsanəsi

Varşava Visla çayı sahilində yerləşir. Əfsanəyə görə Varş adında bir balıqçı bu yerdən üzüb keçərkən sehirli bir səslə oxunan gözəl mahnı eşidir. Səs onu valeh edir, tilsimləyir. Varş mahnı oxuyanı axtarıb tapır. Tapır və heyrətlənir. Sən demə, o sehirli səsin sahibi Sava adlı qəşəng bir su pərisiymiş – yarı qız, yarı balıq.

Varş su pərisinə aşiq olur, onu evinə gətirir, amma Sava bütün günü göz yaşı tökür, “susuz yaşaya bilmərəm, məni çaya qaytar”, deyib yalvarır. “Mən axı, səni sevirəm!” “Elə sevdiyin üçün yaşat məni, qaytar ora, sənin qoruyucun olaram, hər cür bəladan hifz edərəm”.

varşava

Sevgilisinin bu halına dözməyən Varş onu çaya gətirir. Onlar elə buradaca evlənib yurd salırlar. Sava dediyi kimi də edir, ailəsini, təzə yurdunu qoruyucu mələk kimi təhlükələrdən qoruyur.

Varşava sözü Varşla Sava adlarından yaranıb. Əlində qılınc və qalxan tutan su pərisi bu günkü Varşavanın emblemidir.

İşğallar ölkəsi

Elə bil Varşavanı gözləyən saysız-hesabsız təhlükələr Savaya əyanmış. Bilirmiş gələcəkdə nələr gələcək bu şəhərin başına.

Ölkə dəfələrlə istilaya məruz qalacaqdı, neçə-neçə müharibəyə meydan olacaqdı. Qonşuların biri qoşunu Qərbdən salanda, o biri Şərqdən çəkəcəkdi. Sözləşib aralarında bölən vaxtları da olacaqdı Polşa torpaqlarını.

Amma heç biri onun azadlıq əzmini qıra bilməyəcəkdi. Hər dəfəsində polyak xalqı yadellilərə qiyamla cavab verəcəkdi.

varşava

İkinci Dünya müharibəsində Varşava tamamən dağıdılmışdı. Bizim Ağdamın indiki günündə idi. Bu bənzətmə Ağdam xarabalıqlarını görən polyak kökənli ABŞ diplomatı Metyu Brayzaya məxsusdu.

1944-cü ildə Polşa Müqavimət Hərəkatının faşistlərə qarşı qaldırdığı qiyam qanda boğuldu, şəhər yerlə-yeksan edildi. Qiyamın Londonda yerləşən gizli hökumətə bağlı olması səbəbindən sovet ordusu Vislanın Şərq sahilində gözləmə mövqeyi tutdu, müdaxilə etmədi. Polyak dostların çoxu bunu Rusiyanın tarix boyu onlara etdiyi çoxsaylı zülmlərdən ən dəhşətlisi sayır.

Varşava xarabalıqları Roman Polanskinin 2002-ci ildə şəkdiyi “Pianist” filmində iri planda təsvir edilib.

Müharibədən sonra şəhər yenidən tikilib. Onun Stare Miasto adlanan qədim hissəsi əvvəl olduğu kimi – XVII-XVIII əsrlərin çertyojları əsasında bərpa olunub.

Mənzilimizin pəncərəsi Rynek Starego Miastaya, yəni Bazar meydanına açılır. Şuşada buna oxşar yerə Bazarbaşı deyərdik. Qələbəlik bir yerdi. Çoxlu suvenirlər satılan butikləri, kafe-restoranları var.

Qəsr meydanı

Qəsr meydanı (Plac Zamkowy) burdan bir məhəllə aşağıdadı. Kral sarayının darvazası bu meydana açılır. Darvazadan keçib sarayın həyətinə giririk. Uşaqlara iştirakçısı olduğum konfransların birində Varşava merinin burada verdiyi ziyafət haqda danışıram. Onların “İrena nənə” çağırdıqları İrena Lasotanın sonralar Polşa prezidenti olan Lex Kaçinskiylə məni tanış eləməsindən söz açıram.

Kral Ziqmunt III Vasanın (eyni zamanda İsveç kralı və Böyük Litva knyazı idi) 8,5 metrlik sütun üstündəki tunc abidəsi də Qəsr meydanındadı. 1644-cü ildə tikilib. Müharibə vaxtı faşistlər vurub heykəli yerə salıbmışlar. Onu da sonra bərpa ediblər.

varşava

Meydanın elə bura yaxın yerindən köhnə qala divarlarının qalıqları görünür. Divar köhnə şəhərlə təzə şəhər arasında yerləşən Barbakan (yarımdairəvi hərbi tikili) abidəsinədək uzanır. Buralar turistlərin çox gələn yeridi.

Qala divarlarının qalıqları başlayan yerdə Katın faciəsi qurbanlarının şərəfinə qoyulmuş abidə var. 1939-cu ildə Polşanının şərq torpaqlarını işğal edən sovet ordusunun əsir götürdüyü polyak zabitlərinin kütləvi güllələnməsi faktını faşistlər aşkarlayır, “kommunist vəhşiliyi” deyib dünyaya car çəkirlər.

Tarixə “Katın qırğını” kimi düşən faciə haqda məşhur polyak rejissor Anje Vaydanın çəkdiyi “Katın” filmində ətraflı bəhs olunur.

Sonra Świętojerska küçəsində vaxtilə yəhudi gettosunun divarları keçən yerdə qoyulmuş abidə önünə gəlirik.

varşava

Uşaqlar yəhudilərin tarixindən, zaman-zaman düçar olduqları talan və qırğınlarından dediklərimi həvəslə dinləyirlər, sual verirlər. “Azərbaycan yəhudilərin incidilmədiyi tək-tük ölkələrdəndi” deyib dağ yəhudilərindən də söz salıram.

BİRİNCİ HAŞİYƏ – Ölüm muzeyi

Yəhudilərdən danışdığımız günün səhəri Krakova yollanmaqda əsas məqsədim uşaqlara Osvensim həbs düşərgəsini göstərmək idi. Almanların Auşvitz dediyi ölüm düşərgəsi Krakovdan 60 kilometr aralıdı.

Muzey kompleksə üç düşərgə daxildi. Auşvitz I əvvəl düşərgə kimi istifadə olunub. Auşvitz II və Auşvitz III düşərgələri tikiləndən sonra əvvəlkini ümumi düşərgə kompleksin inzibati ərazisi ediblər.

Auşvitz faşistlərin bir çox yerdə yaratdığı düşərgələrin ən böyüyüdü. Burada milyondan çox yəhudi, on minlərlə qaraçı, polyak və sovet əsiri məhv edilib.

Ot tayası boyda insan saçı, qalaq-qalaq eynək, çemodan, ayaqqabı, əlil protezi adamda vəhşət duyğuları yaradır.

Bəli, bura Yer kürəsinin ən vahiməli yeridi. Qaz kamerasından keçib krematoriyaya girəndə elə bilirsən milyonlarla insanın bağırtısı qulağında cingildəyir.
Uşaqların üzündə əvvəllər rastlamadığım ifadə vardı. Balaca Ayanın gözlərindəki qorxu qarışıq kədəri görəndə bir anlıq onları bura gətirdiyim üçün özümü qınadım. Sonra ətrafda yüzlərlə turist arasında onlardan da kiçik uşaqlara baxdım, daha qınamadım.

Səfər öncəsi Stiven Spilberqin “Şindlerin siyahısı”, Uve Bollun “Auschwitz” kimi filmlərinə birgə baxmışdıq deyə onları hazırlıqlı bilirdim. Görünür muzey daha real təəssürat yaradırmış.

 

Şopenin ürəyi

Növbəti günün səhəri Müqəddəs Xaç kilsəsində (Kościół Świętego Krzyża) Şopenin ürəyi gömülən sütunun yanında uşaqlara dedim ki, qəlbiylə dinləməyi bacaran kəs bu ürəyin döyüntüsünü eşidə bilər. Elə inamla söylədim ki, dediyimə az qala özüm də inandım.

 

İyirmi yaşında Polşanı tərk edəndə bir daha qayıtmayacağı Şopenin ağlına da gəlməzdi. Qəbri Parisdə qazılan bəstəkar ürəyinin vətəndə dəfn olunmasını vəsiyyət edib. Onun ürəyini vətənə bacısı gətirib. Yerji Antçakın çəkdiyi “Şopen. Sevgi arzusu” filmində bu səhnə yaxşı təsvir edilib, baxmağı şopensevər oxuculara tövsiyyə edirəm.

Kilsədə, ürəyin qoyulduğu sütunun önündə adam özünü ziyarətgahdakı kimi hiss edir. Şopen musiqisini duyub sevənlər üçün bura elə müqəddəs ziyarətgahdı. Allah evində uyuyan bəstəkar qəlbi – məbəd içində altar.

Şopenin muzeyi kilsədən elə də aralı deyil. Piyada 15 dəqiqəyə Okolnik küçəsi 1 ünvanında yerləşən
muzeyə çata bilərsən. Şopenin notları, əlyazmaları, fortepianosu sanki böyük bəstəkarla canlı ünsiyyət vasitələridi.

Qızım Nərgiz yaşadığımız Blekinge lənində (inzibati ərazi vahidi) keçirilən müsiqi müsabiqəsinin qalibi olanda Şopenin “Op.7 No.1” saylı mazurkasını da çalmışdı. İndi onun fortepianosuna elə maraqla baxırdı ki, elə bil, bəstəkarın özüylə danışacaqdı.

Palas Kultura – mədəniyyət ironiyası

 

Kommunist dövrünün “Palas Kultura” deyilən əzəmətli binası şəhərin mərkəzində Misir ehramı kimi durur. Eyfel qülləsi Parisin hər yanından göründüyü kimi bu nəhəng bina da Varşavanın dörd-bir tərəfindən boy verir.

Polyaklar ona ağır illərin acı xatirəsi kimi baxırlar. İkinci Dünya Müharibəsindən sonra qalib kommunistlər çox ölkənin paytaxt şəhərində belə möhtəşəm binalar tikiblər. Kommunizmin əzəmətini göstərən bu binalara “Stalin göydələni” deyirdilər. Bakıda “hökumət evi” dediyimiz bina da bu silsilə tikililərdəndi.

Stalin adına Elm və Mədəniyyət Sarayı kimi tikilən “Palas Kultura”dan hündür bina tikintisinə uzun illər icazə verilməyib. Yalnız kommunizm erası bitəndən sonra binanın ərtafında xeyli müasir göydələn tikildi.

231 metrlik “Palas Kultura”nın 33-cü mərtəbəsində şəhərə mənzərə açılır. Turistlərin çox gəldiyi yerlərdən biridir bura.

Yeri gəldi, onu da deyim ki, turistləri ən çox cəlb edən Polşa şəhəri Krakovdu.

HAŞİYƏ İÇİNDƏ HAŞİYƏ. 

Əvvəlki səfərim 2010-cu ilin iyulunda olmuşdu. Demokratiyalar İcmasının 10 illik yubileyinə gəlmişdim. Konfransda dünyanın dörd bir tərəfindən neçə-neçə ölkənin hazırkı və keçmiş lideri, dünya çaplı siyasətşünaslar, iqtisadçılar, demokratiya fədailəri iştirak edirdi. ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonun gənc demokratiyalara yönəlik çıxışını xatırlayıram. “Demokratiyanın yarımçıq təbəssümü” adlı yazıda o səfər haqda yazmışam. Uşaqlara bundan söz açdım, maraqlı gəldi, oturub danışmamı istədilər, bir kafeyə döndük. Demokratiya fəalı olan hər kəsə tövsiyə edirəm o məqaləni – bugün-sabah ABŞ prezidenti olacaq xanım Klintonun məni inandırmayan çağırış-çıxışından yaranan o yazını bloqumda oxuya bilərsiniz.

Krakovda qalmağa yer soraqlasanız “Royal” hoteli nişan verərəm. Sadaladığım yerlərə yaxın tarixi binadı. Bu yaxınlıq qəfil leysana düşəndə dadımıza elə çatdı ki, dedim, bir də gəlsəm yenə burda yer alacam. Aşağısında da xudmani restoranı var.

Azadlıq sözünün mahiyyətini tam dərk eləmək üçün saysız-hesabsız nümunələrlə zəngin bir ölkəyə hər bir azadlıqsevər insanı səfər etməyə həvəsləndirmək üçün yazdım bu yazını.

Gəlin, görün, tanıyın!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin