AZAL Çinə çarter reyslərinin həyata keçirilməsinə dair üçillik razılaşma imzalayıb.
Bu barədə “Report”a “Azərbaycan Hava Yolları”ından (AZAL) bildirilib.
Məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı və Çinin aparıcı turizm şirkəti “HCG International Travel Group” bu gün Bakı-Pekin-Bakı marşrutu üzrə çarter sərnişin reyslərinin yerinə yetirilməsinə dair üçillik müqavilə imzalayıb.
Sənəd AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə və “HCG International Travel Group”un direktoru He Yong tərəfindən imzalanıb.
AZAL və “HCG International Travel Group” şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq bu ilin mart ayından etibarən həyata keçirilən uğurlu əməkdaşlığın nəticəsində əldə edilib.
Tərəflər həmçinin 2020-ci ildə Azərbaycandan Çinə yeni istiqamətlərin açılmasını müzakirə ediblər. ⠀
“Aparıcı turizm agentliyi olan “HCG International Travel Group” Çinə müntəzəm uçuşlarımızın yerinə yetirilməsində özünü etibarlı tərəfdaş kimi sübut edib. Bu uçuşa daimi tələbatın olması Azərbaycanın artan turizm potensialını, habelə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun rahat tranzit yolu olmasını vurğulayır”, – deyə Cəmil Mənizadə qeyd edib.
“HCG International Travel Group”ın rəhbəri He Yong öz növbəsində vurğulayıb ki: “Çox şadıq ki, Azərbaycanın milli aviadaşıyıcısı ilə şirkətimiz arasında belə bir strateji saziş bağlamağa nail olduq. AZAL həmişə yüksək səviyyəli xidməti ilə fərqlənib, paytaxtın hava limanı isə Avropa ilə Asiya arasında rahat əlaqələr planlaşdırmağa imkan yaradır”.
Hazırda yay cədvəli çərçivəsində Bakı ilə Pekin arasında uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetirilir. Oktyabrın 27-dən qış cədvəlinin qüvvəyə minməsi ilə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar rahat, geniş füzelyajlı “Boeing 767-300ER“ təyyarələri vasitəsilə yerinə yetirilir.