Ev Turizm Xəbərləri Yeddi etnosun “yeddi möcüzəsi”… – FOTO

Yeddi etnosun “yeddi möcüzəsi”… – FOTO

etnos

Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, XınalıqYergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi iqamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır.

Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnib.

Quba rayonu Bakıdan 168 km məsafədə yerləşir. Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Əlik kəndi Ağçayın sağ sahilində, Yan silsiləsinin cənub qərb ətəyindədir. Azərbaycanın Şahdağ qrupundan olan xalqın məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Əliklilər Azərbaycanın milli etnik nümayəndələri olmaqla ana dili əlik dilidir. Əlik kəndi dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində “kənd, aul, ulus” mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud “hündürlük, yüksəklik, zirvə” mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində “dağlarda çuxur, çökək” mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb.

Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdi.

XIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

Haputlular da əliklər kimi Şahdağ qrupuna daxil olub özünəməxsus dilə malikdir. Haputlar özlərinə hərər deyirlər. Dağların əhatəsində yerləşən bu kənd dəniz səviyyəsindən təxminən 2000 metrə yaxın yüksəklikdə yerləşir. Xınalıqdan sonra Şahdağ qrupuna daxil olan ikinci ən çox saylı xalqdır. Kənddə 200-ə qədər ev var. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü “tələsik, vaxtından tez” mənalarında işlənir. Qış vaxtı kənd sakinlərinin bir qismi kəndi tərk edir və qışlağa gedir. Əsas təsərrüfatı maldarlıqdır. Haput kəndi ilə üzbəüz Tayduz dağ yaylağı, bir qədər sağa tərəf Çiye yaylağı, onun üst tərəfində Qarabulaq yaylağı, Təntə yaylağı, İsmayıllı istiqamətində isə Pətən yaylağı, Qəbristanlıq yaylağı, kəndin yuxarısına doğru isə Gurbulağ yaylağı yerləşir. Kəndin ərazisindən Tayduz yaylağından sağa doğru Aslan və Qaplan dağları görünür. Bundan savayı kəndin qərbində 3323 metr hündürlüyə malik yerli sakinlərin kəndin yuxarısındakı pirlə üzbəüz Şıxməmməd baba adlandırdıqları dağ yerləşir. Bu dağ da Haputluların Qiblə dağıdır. Bundan savayı kəndin ərazisində Babadilim türbəsi və Qızdırma piri, qədimi qəbristanlıq yerləşir.

Dağlıq zona, təmiz ekoloji mühit və mehriban simalar hər iki kəndə turist axınında şərait yaradır. Kənd sakinləri qonaqları öz şəxsi evlərində yerləşdirməklə onların həm yerli adətləri, həm də mətbəxləri ilə yaxından tanış olmalarına şərait yaradırlar. Hər il Bakı şəhərindən çoxsaylı insan yay tətili üçün bu gözəl kəndlərə üz tutur. Heç şübhəsiz ki, Quba rayonu ərazisində yaradılan Destinasiya Menecmenti Təşkilatı bu ərazidə turizmin inkişafına öz töhvələrini vermis olacaq.

Yazı “Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsi çərçivəsində hazırlanıb.