“Azərbaycan Hava Yolları” Moskva-Lənkəran-Moskva birbaşa reys açır
İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları”nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.
TravelNews.Az xəbər verir ki, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək. “Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da, Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də yerinə yetiriləcək.
Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də – Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.
Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.