“SEOUL FOOD 2018”
Azərbaycan may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək.
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin ticarət şöbəsi – Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Oh Myung Hunun rəhbərlik etdiyi nümayəndə heyəti AZPROMO-da olub.
AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2018-ci il ərzində Azərbaycanda Koreya şirkətlərinin iştirakı ilə 4 biznes-forum və istehlak malları festivalının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində bu ilin may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində Azərbaycanın vahid ölkə stendi ilə iştirakı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı, azərbaycanlı sahibkarların bu ölkəyə səfərlərinin təşkili, yerli şirkətlərin Koreyada həyata keçirilən layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.