Ev Turizm Xəbərləri “Bəhreyn-Azərbaycan turizm forumu” turizm sahəsindəki əməkdaşlıqları genişləndirəcək

“Bəhreyn-Azərbaycan turizm forumu” turizm sahəsindəki əməkdaşlıqları genişləndirəcək

Bəhreyn-Azərbaycan turizm forumu

Azərbaycan və Bəhreyn Krallığı turizm potensialı baxımından cəlbedici ölkələrdir və qarşılıqlı turist axınının daha da güclənməsi üçün əlverişli imkanları var. Bu fikirlər Bakıda keçirilmiş “Bəhreyn Krallığı və Azərbaycan arasında turizm forumu”nda səsləndirilib. Tek turizm qrupunun təşkilatçılığı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan “Tek Tourism Group”un təsisçisi Mirvüsal Seyidsultanlı bildirdi ki, məqsəd iki ölkə arasında turizm sahəsində imkanları öyrənmək və gələcək əməkdaşlığı daha da gücləndirmək üçün səmərəli fikir mübadiləsi aparmaqdır. O, Bəhreyndən və digər ölkələrdən olan qonaqları görməkdən məmnun olduğunu vurğuladı və bu cür səmərəli fikir mübadiləsinin əməkdaşlığa müsbət təsir etdiyini vurğuladı.

Daha sonra çıxış edən Azərbaycan Turizm Bürosunun nümayəndəsi Leyla Mahmudova Azərbaycanla Bəhreyn Krallığı arasında əlaqələrdən danışdı və bildirdi ki, başqa sahələrdə olduğu kimi, turizm sahəsində də Azərbaycan Behreyn Krallığı ilə uğurla əməkdaşlıq edir. Behreyndən olan turistlərin Azərbaycana marağı ildən ilə artır ki, bu da qarşılıqlı əməkdaşlıq üçün zəmin yaradır. O, ilin bütün fəsillərində Azərbaycanda istirahət etmək üçün əlverişli şəraitin, hər cür turizm potensialının və məkanların olduğunu vurğuladı. Tədbirdə həmçinin Azərbaycan və Bəhreyn Krallığının görməli yerlərini əks etdirən ingilis və ərəb dillərində hazırlanmış tanıtım çarxları nümayiş etdirildi.

Bahrain Holidays” şirkətinin idarə heyətinin sədri Mahmud Alkadhem Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, iki ölkə arasındakı bu cür əlaqələr turizmin inkişafına öz töhfəsini verəcək. Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıqlarını qeyd edən natiq xalqımızın qonaqpərvliyini, mehribanlığını xüsusi vurğuladı. Əlavə etdi ki, elə bu doğmalıq, oxşar mədəniyyət Bəhreyn vətəndaşlarının diqqətini cəlb edir. “Məqsədimiz Azərbaycan turistlərinin Bəhreynə daha çox gəlməsini təmin etmək, Azərbaycanda ölkəmizin turizm potensialı haqqında daha çox məlumat verməkdir. Eyni zamanda deyə bilərəm ki, Bəhreyndən də Azərbaycana daha çox turistlər gəlir, ölkənizə üstünlük verirlər.”

Azərbaycan Hava Yolları”nın Bəhreyndəki distribütoru, təmsilçisi, “Firnastravel&Tourism” şirkətinin icraçı direktoru Fatimə Əhməd bildirdi ki, yay mövsümündə “Bahrain Holidays” şirkəti vasitəsi, “Azərbaycan hava yolları”nın (AZAL) dəstəyi ilə Azərbaycana gəlmək, eləcə də Bəhreynə getmək istəyən turistlər üçün həftədə bir dəfə reys var idisə, artıq “Buta Airways” ilə bu reyslər həftədə iki dəfə həyata keçirilir. Bu da turist axınına daha çox müsbət təsir edir. Azərbaycana gəlmək istəyən turistlər bizim ölkədəki turizm bürosuna müraciət edirlər, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat alırlar. Gələcəkdə Bəhreynin turizm potensialını daha yaxından tanıtmaq üçün bloqqerlərin, media nümayəndələrinin səfərlərinin təşkili nəzərdə tutulur.

Tek Tourism Group”un icraçı direktoru Mirmehdi Seyidsultanlı bizimlə söhbətində bildirdi ki, təmsil etdikləri turizm agentliyi Bəhreynlə yanaşı, bütün körfəz ölkələri ilə də əməkdaşlıq edir.

Forumun sonunda əməkdaşlıqla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı.