PAYLAŞ
Bakı Dəmir Yolu Vağzalı

Bakı Dəmir Yolu Vağzalının binasında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərginin açılışı olub.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə, səhmdar cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Belə ki, 2019-cu il Macarıstanın dəmir yolları üçün əlamətdar tarixdir. 150 il bundan əvvəl məşhur macar mühəndis, elektrik mühəndisliyi üzrə alim, elektrik yükünün dartı qüvvəsi üzrə pioner hesab edilən Kando Kalman Peşt şəhərində dünyaya gəlib. 1894-cü ildə Kando Kalman elektrik lokomotivi üçün yüksək gərginlikli üçfazalı mühərrik və dəyişən cərəyanlı generator ixtira edərək “Elektrik qatarının atası” kimi məşhurlaşıb. Məşhur mühəndisin ixtiraları Macarıstan, İtaliya, Fransa, İngiltərə və bir çox ölkələrin dəmir yollarının elektrikləşməsində əvəzedilməz rol oynayıb. Onun ixtiraları hələ də aktuallığını saxlayır. Çünki bütün müasir elektrik lokomotivlərinin iş prinsipi onun ixtira etdiyi sistem üzrə işləyir.

Qonaqları salamlayan “Azərbaycan Dəmir Yolları”nın sədr müavini Zaman Novruzov ölkələrimiz arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərini vurğulayıb. Bildirib ki, Azərbaycan və Macarıstan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatının” üzvüdür və bu çərçivədə əməkdaşlıq edir. Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Z.Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son beş ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı, vağzal və stansiyaların tikintisi və bərpası da daxildir.

Qeyd olunub ki, Bakının simvolik binalarından olan Bakı Dəmir Yolu Vağzalı artıq infrastruktur binası olmaqla yanaşı, Bakının mədəni mərkəzlərindən birinə çevrilib. Sərnişinləri, şəhərimizin sakinlərini və qonaqlarını bu məkana maraqlı incəsənət, musiqi və digər mədəniyyət tədbirlərinə dəvət edib.

Macarıstanın Azərbaycandakı səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli ifrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu deyib. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarının Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdə yerləşən dəmir yolu infrastrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.

Sərgidəki fotoların müəllifi Aydın Sadıqov sərginin təşkilatçılarına təşəkkürünü bildirib. Fotoqraf ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoları Avropanın ən böyük muzeylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində çəkildiyini nəzərə çatdırıb. Sərgi hər bir ziyarətçi üçün Macarıstan dəmir yollarının inkişaf tarixi ilə tanışlıq fürsətidir. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.

Sərgi dekabrın 28-dək davam edəcək.