Gürcüstanda turistlərin ən çox üz tutduğu Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində gəzməli və görməli yerlər saysız-hesabsızdır. Bu məkanlar arasında müxtəlif profilli muzeylərin də öz yeri var.
“Report”un Gürcüstan bürosunun əməkdaşı Batumi Texnologiyalar Muzeyindən reportaj hazırlayıb.
Turizm mövsümündə şəhərin muzeyləri daha çox əcnəbi ziyarətçiləri qəbul etməyə adət edib. Batumiyə böyük turist axını hətta şəhərdəki muzeylərin iş qrafikinin də dəyişməsinə təsir edib. Muzeylər yay aylarında həftənin bütün günlərində qapılarını ziyarətçilər üçün açır.
Yay tətili üçün Acarıstanı seçən Azərbaycan vətəndaşlarının sayı bu ilin ilk yarısında 70 min nəfəri ötüb. Bakı-Batumi birbaşa avireysin istifadəyə verilməsindən sonra bu il Gürcüstanın Qara dəniz paytaxtına səfər edən Azərbaycan vətəndaşlarının sayında kəskin artımın olacağı gözlənilir.
Azərbaycanlı turistlərin Batumidə ən çox ziyarət etdiyi məkanların siyahısı məlum olmasa da, bu siyahıya bir muzey əlavə oluna bilər. Bu, adı Bakı nefti ilə yanaşı çəkilən Nobel qardaşlarının adını daşıyan Batumi Texnologiyalar Muzeyidir.
Batuminin girəcəyində yerləşən muzeyin yaradılması ideyası Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə məxsusdur. Muzey 2007-ci ili may ayında açılıb. Açılış mərasimində M.Saakaşvili ilə yanaşı İsveçin o zamankı xarici işlər naziri Karl Bildt də iştirak edib.
Batumiyə növbəti səfərimi planlaşdıran zaman Texnologiyalar Muzeyini mütləq ziyarət etməli olduğum məkanların siyahısına daxil etdim. Hava yağışlı olsa da, muzeyə baş çəkmək planımı təxirə salmadım. Məkana taksi ilə yollansam da, muzey yaşayış binalarının arasında yerləşdiyindən onu tapmaq elə də asan olmur. Yoldan ötənlərdən soruşa-soruşa nəhayət muzeyi tapdım.
Muzeyə bilet böyüklər üçün 3, tələbələr üçün 1, məktəblilər üçün isə 0,5 lari təşkil edir. Səhər saatları olduğundan muzeyin ilk və yeganə ziyarətçisi oluram. Bələdçi Azərbaycandan olduğumu bilən kimi muzeyə baş çəkənlər arasında azərbaycanlı turistlərə tez-tez rast gəlindiyini deyir.
Muzeyin növbəti ziyarətçiləri “Rustavi 2” televiziya kanalının çəkiliş qrupu olur. Operator və müxbir muzey barədə süjet üzərində işə başlayır.
Bələdçi xanımın sözlərinə görə, muzeyin yerləşdiyi binada vaxtilə Nobel qardaşlarının Neft-Sənaye Cəmiyyətinin Batumi kontoru, sonrakı illərdə isə polis bölməsi yerləşib.
Muzeydə Nobellərin Qafqazdakı fəaliyyəti ilə yanaşı, Batumi şəhərinin iqtisadi və mədəni inkişafını əsk etdirən maraqlı eksponatlarla da tanış olmaq mümkündür.
Birinci mərtəbədə bir zal Nobel qardaşlarının Bakı və Batumi ilə bağlı fəaliyyətini əks etdirən foto və sənədlərə həsr olunub. Sərgi zalının kiçik və eksponatların az sayda olmasına baxmayaraq, böyük lövhələrdə əks olunan yazılar Bakı neftinin sayəsində Batumidə sənaye bumu və bu sahənin hansı inkişaf mərhələlərindən keçdiyi barədə dolğun məlumat əldə etmək olur. “Nobel qardaşları” zalında həmin dövrə sanki xəyalən səyahət edirsən.
Robert Nobel Batumi haqqında yazırdı: “Bakıdan neftin nəql olunması üçün bütün mümkün marşrutlardan mən Gürcüstan vasitəsilə keçən marşrutu seçməyi təklif edirəm. Belə ki, bu iki ölkə arasında ərazi yaxınlığı ilə yanaşı, əsrlər boyu bu iki xalq arasında bir-birinə qarşı mövcud olan tamamilə təkrarolunmaz qardaşlıq və sadiqliyi də nəzərə almaq lazımdır. Bizim kimi yadellilər üçün bu faktorun xüsusi önəmi var. Yerdə qalan digər marşrutlar olduqca böyük risklərlə bağlıdır, belə ki, başqa yerdə Bakıda və Tbilisidə olan əlverişli şərait yoxdur. Buna görə də mən qəti əminəm ki, biz məhz bu marşrutu seçməliyik”.
Muzey bələdçisi Nobellərə aid olan eksponatların Gürcüstan arxivlərindən əldə olunduğunu bildirir.
Zala daxil olan kimi diqqəti ilk cəlb edən eksponat Nobel qardaşlarının neft şirkətinin mərkəzində Atəşgah məbədinin yerləşdiyi loqosu olur. Muzey bələdçisi Azərbaycandan olan ziyarətçilərin bu məbəd barədə ona ətraflı danışdıqlarını bildirir. Söhbət zamanı bələdçi Atəşgah məbədi barədə maraqlanır, onun hazırda mövcud olub-olmaması barədə soruşur. Bələdçiyə Atəşgah məbədinin ətrafında açıq səma altında muzeyin yaradıldığı və kompleksin Dövlət Tarix-Memarlıq Qoruğu elan edildiyi barədə məlumat verirəm. Bələdçi etiraf edir ki, loqonun əsasını təşkil edən Atəşgah məbədi barədə bilgilərini azərbaycanlı ziyarətçilərin hesabına artırır.
Otağın tam mərkəzində neft nümunələri ilə dolu kolbalar yerləşdirilib. Neftin zalın tam mərkəzində yerləşməsi “qara qızıl”ın Batuminin inkişafında əsas rol oynadığını simvolik olaraq əks etdirir.
Muzeyin eksponatları arasında növbəti maraqlı eksponat 2009-cu ildə Azərbaycan və ingilis dillərində nəşr olunan Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunan “Nobellər və Bakı nefti” kitabının iki nüsxəsidir. Bələdçi həmin kitabları Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofsun 2012-ci ildə muzeyə hədiyyə etdiyini bildirir.
Sərgi zalında Nobel qardaşlarının iştirakı ilə 1883-cü ildə Batumidə inşa olunan neft terminalı və elə həmin il tikintisi başa çatdırılan Bakı-Batumi dəmir yolunun tarixinə aid fotomateriallar da sərgilənir.
Nobel qardaşlarının xatirəsini Batumidə yaşadan muzeydə bərpa işləri nəzərdə tutulub. Binanın interyer və eksteryerinin yenilənməsi, ziyarətçilər üçün kafenin yaradılması planlaşdırılıb.
Muzeyin Nobel qardaşlarına aid fondunu daha da zənginləşdirmək mümkündür. Buna Batumi Texnologiyalar Muzeyinin yaradılmasından bir il sonra – 2018-ci ildə Bakıda açılan Nobel qardaşları muzeyi dəstək verə bilər. Bu muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət və interyer predmetləri toplanıb. Bakı və Batumi muzeyləri əməkdaşlıq quraraq qarşılıqlı olaraq bir-birinin fondunu zənginləşdirərək ziyarətçilərə Nobel qardaşlarının Bakı və Batumidəki fəaliyyətləri barədə daha ətraflı məlumatlar və zəngin ekspozisiya təqdim edə bilərlər.