Ev Turizm Xəbərləri Bakı Tbilisi şəhər festivalında geniş pavilyonla təmsil olunub

Bakı Tbilisi şəhər festivalında geniş pavilyonla təmsil olunub

Tiblis

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi şəhər bayramı – “Tbilisoba” qeyd olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, festival dörd əsas məkanda – Rike parkı, Leqvtaxevi dərəsi, Metexi körpüsü və Orbeliani meydanında təşkil olunub.

Tbilisi meriyasının təşəbbüsü ilə Orbeliani meydanında Gürcüstan paytaxtı ilə qardaşlaşmış və tərəfdaş şəhərlərin pavilyonları qurulub. Tbilisinin 1997-ci ildən tərəfdaş şəhəri olan Azərbaycanın paytaxtı Bakı ayrıca geniş pavilyonla təmsil olunub. Bakı guşəsində Azərbaycanın mili mədəniyyət, incəsənət, mətbəx və şirniyyat nümunələri, suvenirlər və ölkənin turizm imkanlarının əks olunduğu jurnal və broşürlər təqdim olunub.

Bakı pavilyonu Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə yaradılıb. Pavilyon “Tbilisoba” bayramının yerli və əcnəbi ziyarətçilərinin böyük marağına səbəb olub. Pavilyona Tbilisidə səfərdə olan xarici turistlərlə yanaşı, azərbaycanlı turistlər də baş çəkib.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Bakı pavilyonunu ziyarət edib. O, guşədə sərgilənən Azərbaycanın milli musiqi alətləri ilə maraqlanıb.

Bakı pavilyonu sahəsinin genişliyi və daha rəngarəngliyi ilə seçilib. Guşəyə Türkiyə, Belarus və digər ölkələrin səfirləri də baş çəkib.

Oktyabrın 6-da da davam edəcək Tbilisi şəhər festivalı çərçivəsində uşaq konsertləri və atraksionları, gül, şirniyyat və kulinariya festivalları, rəngərəng karnaval, idman yarışları və yarmarkalar keçiriləcək.

Qeyd edək ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə keçirilib. Builki bayram sayca 35-cidir. Gürcüstanda 1989-cu ildən 1994-cü ilə qədər ağır sosial-iqtisadi vəziyyətə görə həmin dövrdə bayram qeyd olunmayıb.

2018-сi ilə qədər bayram hər il oktyabr ayının son günlərində təşkil olunub. Ötən ildən başlayaraq isə “Tbilisoba” oktyabr ayının ilk şənbə-bazar günləri qeyd olunur.