Ev Turizm Xəbərləri Bakıda Azərbaycan Hotellər Assosiasiyasının İkinci Baş Assambleyası işə başlayıb

Bakıda Azərbaycan Hotellər Assosiasiyasının İkinci Baş Assambleyası işə başlayıb

otellər

Dekabrın 4-də Bakıda Azərbaycan Hotellər Assosiasiyasının İkinci Baş Assambleyası keçirilib.

Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam tədbirin təşkilində məqsədin Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə təqdim olunması, milli ulduz təsnifat sistemi ilə əlaqədar planların açıqlanması, 2020-ci il üzrə nəzərdə tutulan strategiya, eyni zamanda hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsi olduğunu qeyd edib.

Assambleyada çıxış edən Assosiasiyanın prezidenti Martin Klaynman rəhbərlik etdiyi təşkilatın ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

O, qonaqpərvərlik sənayesindəki mövcud çətinliklər və fürsətlərdən bəhs edərək təşkilatın 2019-cu il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Martin Klaynman hotel sənayesinin inkişafında dövlət qurumları ilə birgə fəaliyyətin səmərəliliyindən söz açıb. Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini xüsusi vurğulayıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid çıxışında qarşıya qoyulan məqsədlərdən danışıb. O otel və qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsinin əsas məqsədlərdən olduğunu bildirib.

F.Zenqstşmid Assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir zamanı “Milli ulduz təsnifatı”, “Hüquqi qanunvericilik, Turizm qanunu, təsnifat və reyestr”,Qonaqpərvərlik sənayesində rəqabət və gəlirlilik”, “Turizm məhsulu perspektivləri”, “Qonaq şikayətlərinin idarəsi” və s. mövzular üzrə azərbaycanlı və xarici mütəxəssislərin fikirləri dinlənilib.

Assambleya çərçivəsində BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun Kür II Proqramının “H2Otel Suya Qənaət Mükafatları” adlı layihəsinin qalibləri mükafatlandırılıb.

Layihə əsasında dekabradək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellər təltif edilib.