Ev Turizm Xəbərləri Bakıda Çinin Fuciyan əyalətinin turizm potensialının təqdimatı olub

Bakıda Çinin Fuciyan əyalətinin turizm potensialının təqdimatı olub

turizm

Dekabrın 3-də Bakıda Çin Xalq Respublikasının Fuciyan əyalətinin turizm potensialının təqdimatı keçirilib.

Hilton Baku” otelində gerçəkləşən təqdimat mərasimi “China Travel” LLC turizm şirkətinin təşkilatçılığı ilə reallaşıb.

Fuciyan əyalətinin Fuco şəhərinin Mədəniyyət və Turizm Bürosunun vitse-prezidenti Luo Şujong çıxış edərək son illər Azərbaycan ilə Çin arasında iqtisadi, siyasi, mədəni və turizm sahəsində əməkdaşlıq əlaqələrindən söz açıb. Bildirib ki, Çin hökumətinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan hökuməti tərəfindən dəstək göstərilir. Qeyd olunub ki, əlaqələrin daha da inkişaf etdirilməsi gələcəkdə də müxtəlif layihələrin birgə icrası ilə davam edəcək.

Fuco səhərinin turizm imkanlarından danışan Luo Şujong deyib ki, turizm imkanları inkişaf edən Fuciyan əyaləti və Fuco şəhərinə hər zaman turistlərin gəlişi maraq doğurur: “Biz yerli və digər ölkələri təmsil edən turist şirkətləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Bizim məqsədimiz qarşılıqlı turizm potensialının yüksəldilməsinə xidmət edir. Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlıq üçün münbit şərait və böyük potensial var. Biz istəyirik ki, azərbaycanlılar Fucoya turist kimi səfər etsin, biz də Azərbaycana çoxsaylı çinli turistin gəlişi üçün çalışaq. Biz bu sahədə qarşılıqlı olaraq belə tədbirlər keçirmək, təqdimatlar reallaşdırmaqla əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik”.

Bildirilib ki, Fuciyan əyalətini il ərzində 3 milyonu xarici olmaqla, ümumilikdə 90 milyon turist ziyarət edir. Bu rəqəmi yaxın gələcəkdə daha da artırmaq üçün bir çox layihələr icra olunur, işlər görülür.

Azərbaycan Turizm Bürosunun regional meneceri Rüfət Sadıxov deyib ki, Azərbaycan Çin ilə turizm sahəsində əməkdaşlıqda maraqlıdır. Bildirib ki, artıq Azərbaycanın bu ölkədə turizm nümayəndəliyinin açılması çinli turistlərin ölkəmizə gəlişini sürətləndirib. Bu ilin oktyabr ayınadək olan dövrdə ölkəmizə 25 min çinli turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz artım deməkdir. Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq üçün lazım olan addımlar bundan sonra da tərəflərin səyi nəticəsində davamlı olacaq.

Sonra Fuciyan əyalətinin turizm potensialını əks etdirən videocarx təqdim edilib.