Ev Turizm Xəbərləri Bakıda I Respublika Sənətkarlıq Festivalının açılışı olub

Bakıda I Respublika Sənətkarlıq Festivalının açılışı olub

Sənətkarlıq Festivalı

İyulun 3-ü Bakıda I Respublika Sənətkarlıq Festivalının açılışı olub.

APA-nın məlumatına görə, Festival UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev festivalda iştirak edən sənətkarlara təşəkkürünü bildirib: “I Respublika Sənətkarlıq Festivalının bu tarixə təsadüf etməsi əlamətdar hadisədir. Bildiyiniz kimi hazırda Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu festival da sessiya çərçivəsində təşkil olunub. Sessiya çərçivəsində 150 ölkədən 3000-dən çox qonaq dəvət olunub. Festival keçirilən günlərdə həm Bakı sakinləri, həm də qonaqlar bura ilə tanış olacaq, eyni zamanda sənətkarlıq nümunələrini əldə edə biləcəklər. Məncə bu festival öz əl işlərini tanıtmaq baxımından sahibkarlar üçün də gözəl şansdır. Eləcə də Azərbaycan xalq sənətkarlıq nümunələrinin təbliğində yaxşı addımdır. İnanıram ki, festival burada iştirak edən insanlara böyük zövq verəcək”.

Nazir Azərbaycanın ildən-ilə turizm sahəsində inkişaf etdiyini də diqqətə çatdırıb: “Ölkəmiz turistlərin marağına səbəb olur. Ölkəmiz özünün mədəniyyəti ilə də turistləri cəlb edir, beləliklə Azərbaycanla dünya arasında mədəni marşrut yaranır. Hesab edirəm ki, bu mədəni marşrut çox vacibdir və bizim sənətkarlarımız bu marşrutun genişlənməsinə öz töhfələrini verəcəklər”.

Festivalın açılışından sonra “Dədə-baba” rok qrupu konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, Festivalda müxtəlif sənətkarlıq sahələri təmsil olunub. Ümumilikdə Festivala 40-a yaxın sənətkar gəlib. Beynəlxlaq norma nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda yatmarka və karnaval formasında təşkil olunub.


I Respublika Sənətkarlıq Festivalı iyulun 7-ə kimi davam edəcək.