Ev Turizm Xəbərləri Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib

Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib

Caspian Energy Forum–2019

Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib.

Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. “Caspian European Club” barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5 mindən çox şirkətlə əməkdaşlıq edir. O əlavə edib ki, klub 5 istiqamət üzrə fəaliyyət göstərir, bunlardan ən əsası şirkətlərin problemlərini araşdırıb, həlli ilə bağlı addımlar atmaqdır.

Sonra Çex Respublikasının Prezidenti Miloş Zemanın, Moldova Prezidenti İqor Dodonun və Gürcüstan Prezidenti Salome Zurabişvilinin IX Beynəlxalq “Caspian Energy Forum Baku–2019”un iştirakçılarına ünvanladığı müraciətləri dinlənilib.

Üç sessiyadan ibarət olan forumun birinci sessiyası Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına,
infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr edilib. Sessiyada çıxış edən xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu da Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir.

X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu, Xəzəryanı ölkələr arasında siyasi dialoqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.

Energetika nazirinin müavini Elnur Sultanov Azərbaycanda energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlandığını deyib: “Bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir edəcək. Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”.
O qeyd edib ki, Azərbaycanda elektrik enerjisinin əsas istehsal yanacağı təbii qazdır. Bu sahədə qərb ölkələrindən irəlidəyik. Azərbaycanda daş kömürdən istifadə olunmur. Bərpaolunan enerji mənbələrindən sonra təbii qaz ən təmiz enerji mənbəyidir: “Təbii qaz dünya bazarında yüksək qiymətə malikdir. Ancaq Azərbaycan daxilində energetika sektoruna verilən qaz sosial mənada subsidiyayönümlü qiymətdədir. Təbii qazın ixracından Azərbaycan xalqı və dövləti əlavə gəlir əldə edəcək. Bununla bağlı əhəmiyyətli addımlar atılır”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev forumun əhəmiyyətini vurğulayıb, ölkədə ekoloji sahə üzrə görülən işlərdən danışıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud isə deyib ki, Bakı şəhərinin baş planının hazırlanması işləri 2020-ci ilin sonlarınadək yekunlaşacaq: “Komitə tərəfindən respublikanın 51 şəhərinin baş planı hazırlanıb. Bunlardan 42-si artıq təsdiqlənib. Doqquz şəhərin baş planının yaxın illərdə təsdiqlənməsi gözlənilir”.

Forumun ikinci sessiyasında “Elektron növbə” sistemi barədə məlumat verən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, tezliklə sistem istifadəyə veriləcək və bu sistemin tətbiqi ilə bağlı layihə icradadır: “Elektron növbə”nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir. Yaxın zamanlarda xarici iqtisadi fəaliyyət iştirakçıları idxal-ixrac əməliyyatları zamanı yüklərin daha sürətli keçidinə nail olacaq”.

Azərbaycanın Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başladığını deyən DGK sədrinin birinci müavini qeyd edib ki, bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır, uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir.
“Hazırda 450 xarici iqtisadi fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edib. “Yaşıl dəhliz”dən daimi istifadə hüququnu əldə etmək üçün 600-dən çox müraciət daxil olub. Bu dəhlizin iştirakçılarının cari ilin 8 ayında idxalda ümumi payı 22,45 faiz, ixracda isə 30 faizə yaxın olub”, – deyə İ.Hüseynov bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədilə həyata keçirilən tədbir və layihələri diqqətə çatdırıb. Qeyd edib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkət bu imkanlardan bəhrələnib.

Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövr ərzində KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan O.Məmmədov bildirib ki, agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və strataplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər məcəlləyə daxil edilib. Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov təmsil etdiyi qurumun gördüyü işlərdən və planlarından danışıb. Qeyd edib ki, bu ilin sonunadək regionlarda 5 yeni “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır. Növbəti ildə isə Bakıda 2 yeni mərkəz açılacaq. Ümumilikdə, “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq. Hazırda isə ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN Kommunal” mərkəzi, bir “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir.

İndiyədək ASAN xidmət” mərkəzlərinin xidmətlərindən 6,5 milyon nəfər yararlanıb. Gündəlik 2 min yeni vətəndaş mərkəzin xidmətlərindən ilk dəfə istifadə edir. Mərkəzə hər gün orta hesabla müraciət edənlərin sayı isə 27 min nəfərdir”, – deyə C.Salmanov vurğulayıb.

O deyib ki, indiyədək 20 min 244 ASAN könüllüsü qeydiyyatdan keçib. Bu müddətdə 550-dən çox layihə həyata keçirilib, 1278 ASAN könüllüsü işlə təmin olunub: “Bu vaxtadək vətəndaşlara “ASAN viza” vasitəsilə 1 milyon 600 mindən çox viza verilib. 2017-ci ildə bu göstərici 260 min idi”.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, xarici investorlara kömək məqsədilə “Invester in Azerbaijan” layihəsi hazırlanıb: “Layihə Azərbaycana investisiya yatırmağı planlaşdıran xarici investorlara kömək, həmçinin onlarla çalışacaq yerli şirkətlər üçün biznes planların hazırlanmasında yardım göstərilməsini nəzərdə tutur. Hazırda layihəni təsdiq üçün müvafiq strukturlara təqdim etmişik”.
Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov agentliyin fəaliyyəti və ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı sahəsində atılan addımlardan danışıb. Bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. O diqqətə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarlarla görüş keçirilir, bu sahədə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar verilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, hazırda dövlət kənd təsərrüfatı məhsulları istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması üçün müvafiq dəstək verir. Bunun nəticəsində artıq kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım dinamikası müşahidə olunur. F.Fikrətzadə vurğulayıb ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların məqsədi bu sahənin inkişafının sürətlənməsi, ölkənin ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasıdır: “Bununla yanaşı, fermerlərin rifahının yaxşılaşması, onların gəlir əldə etmələri, biznes imkanlarının genişlənməsi də aqrar islahatların əsas məqsədlərindəndir”.
Forumda ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib. Həmçinin tədbir çərçivəsində “Caspian European Club” ilə AZPROMO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru T.Əliyev və AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Y.Abdullayev imzalayıblar.
Forumda 50 ölkədən nümayəndə iştirak edib. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri olub.