PAYLAŞ
turizm

Məşhur tur şirkətlərindən biri 20-dən çox ailəni Antalyaya səyahət adı ilə aldadaraq, pullarını mənimsəyib. Turistlər aldadıldıqlarını hava limanında ikən başa düşüblər.

Axar.az xəbər verir ki, bu haqda məlumatı zərərçəkən Leyla Məmmədova adlı xanım yayıb. Şikayətçi bildirib ki, “İnTravel.Az” tur şirkətindən Türkiyənin Antalya şəhərinə tur-paket alıblar. Uçuş bu gün nəzərdə tutulsa da, səfər alınmayıb:

“Qızım, yoldaşım, mən, qardaşım və anam bu gün səhər Antalyaya uçmalıydıq. “InTravel.Az” tur şirkətinə tam ödəniş edərək, möhürü, imzası və qəbzi olan sənəd almışdıq. Səhər hava limanında anlaşıldı ki, nə bilet var, nə də hotel.

İş orasındadır ki, biz tək deyilik. Bizim kimi aldadılmış 20-dən çox ailə var və hamımız da aldadıldığımızı hava limanında öyrənmişik”.

Zərərçəkən bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər:

“Təbii ki, qanun qarşısında cavab verəcəklər, pulumuzu geri alacağıq. Amma mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Belə turizm firmaları bağlanmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inanıram”.

Sözügedən tur şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab almaq mümkün olmadı. Bizimlə telefonda danışan əməkdaşlardan biri suallarımızı eşidər-eşitməz əlaqəni kəsdi.