PAYLAŞ
Aviareys

Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehlə görüşüb.

Bu görüş İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin cari ilin dekabrın 10-da Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.

C.Əsgərov və səfir bütün məsələlərdən danışıblar. Prosedur başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər. Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.

Danışıqlar zamanı C.Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin qurulması iki ölkə arasında turizmin və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.

Səfir Sami Abdullah Ğoşeh yeni reysin hər iki ölkə vətəndaşları arasında böyük marağa səbəb olacağına inandığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə İordaniyanın ən böyük turizm şirkətləri ilə danışıqlar aparılacaq. Həmin şirkətlərin nümayəndələri Bakıya işgüzar səfər edəcəklər.