İstirahət üçün ölkəmizə üz tutan turistlər arasında tarixi abidələrə, qədim eksponatlara maraq göstərənlər olduqca çoxdur. Demək olar ki, hər bir turist münasib qiymətə suvenir, Azərbaycanı tərənnüm edən əşyalar alaraq istirahət xatirəsi kimi ölkələrinə aparmağa çalışır. Bakının turist cəlb edən əsas ərazilərində addımbaşı rast gəlinən suvenir və hədiyyə satışı mağazaları qonaqların olduqca tez-tez baş çəkdikləri məkanlardan biridir.

Bəs görəsən bu cür məmulatların satışı ilə məşğul olan satıcılar müştəri aktivliyindən razıdırlarmı? Turistlər arasında ən çox rəğbət görən əşyalar hansılardır?
Minval.info saytının əməkdaşı olaraq bu suallara cavab tapmaq məqsədi ilə turistlərin ən çox ziyarət etdikləri İçərişəhər, Qız qalası kimi tarixi məkanların yaxınlığında fəaliyyət göstərən satış mağazalarına yollandıq.

8 ildir bu sahədə satış işləri ilə məşğul olduğunu qeyd edən Əli Əsədli, turistlərin əvvəlki illərdən fərqli olaraq tarixi əşyalara yetərincə qiymət vermədiyini bildirib:
“Mağazamızda daha çox tarixi əşyalar və milli çalarlarla bəzədilmiş suvenirlər satırıq. Ərəb və iranlı turistlər arasında bu cür əşyalara rəğbət daha çoxdur. Təəssüf ki, rus və avropalı turistlərdən fərqli olaraq, ərəb və iranlı turistlər məhsullara yetərincə qiymət vermir. Əşyaların qiymətlərini bacardıqca, aşağı salmağa çalışırlar”.
Ötən əsrin 90-cı illərindən müntəzəm olaraq turistlərə müxtəlif növ əşyaların satışı ilə məşğul olan Kənan Ağayev tarixi əşyaların ölkədən çıxarılmasına olan məhdudiyyətlər ucbatından satışların olduqca zəiflədiyini bildirib:

“Tarixi xalçaların və incəsənət əşyalarının satılması üçün muzeylərdən icazə alınmalıdır. Turistlər gömrükdə də olduqca əziyyət çəkir. Gömrük işçiləri bəzən 40-50 illik tarixi olan xalça və ya mis qabla qədim əşyaları səhv salır. Bu isə turistlər arasında belə əşyalara olan marağı azaldır. Satışlar ötən illərə nisbətən olduqca zəifdir. Turistlər qiymətlərdən razıdır, ancaq tarixi əşyaları alıb ölkələrinə aparmağa çətinlik çəkdikləri üçün alışdan imtina edirlər”.
Artıq 2 ildir ki, bu işlə məşğul olduğunu bildirən Rəna İbadova, satdığı əşyalar arasında kəlağayı, örpək, yaylıq, xalça kimi toxuma məhsulların olduqca böyük rəğbət gördüyünü qeyd edib:
