PAYLAŞ
Baku City tour

Yaxın zamanlarda “Baku City Tour” avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.

Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir:

“Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək üçün audiobələdçilərə başqa dillər də əlavə ediləcək. Bunlar çin, ərəb, türk və hind dilləridir. Qiymətlərə gəldikdə isə heç bir bir dəyişiklik olmayacaq. Xaricilər üçün ödəniş 20 manat, yerli sakinlər üçün 5 manatdır, uşaq və yaşlılar üçün isə ödənişdə 50 faiz endirim var. Yeni istiqamət növbəti ilin sonuna kimi istifadəyə veriləcək”.

R.Bağırov “Baku City Tour“a olan tələbatdan da danışıb:

“Mövsümdən asılı olaraq, turizm marşrutuna tələbat dəyişir. Mart ayından oktyabr ayının əvvəlinə kimi tələbat daha çox olur. Həmin aylarda elə olur ki, xəttə əlavə avtobuslar buraxılır”.

Mərkəzin direktoru qeyd edib ki, səhər saat 10:00-dan axşam saat 19:00-a kimi insan sayından asılı olamayaraq, avtobuslar hər gün xəttə çıxırlar. Azadlıq meydanından başlayan tur təqribən 1 saat 30 dəqiqə çəkir və hər dayanacaqda 2 dəqiqə dayanmaqla 25 km yol qət edilir.