PAYLAŞ

              “Baku Guide”

“Bakının qış menyusu”, “Bakıda çay mədəniyyəti”, “Bakı 3 günə” – bunlar artıq dördüncü ildir paytaxtımıza təşrif buyuran əcnəbi qonaqlara, eləcə də aktiv istirahət həvəskarı olan şəhər sakinlərinə bələdçilik edən “Baku Guide” kataloqudur.

1.Bələdçi kataloqu

Bələdçi kataloqunun bu sayı da kiçikdən böyüyə ən müxtəlif zövq sahibləri üçün – qurmanlardan teatrallara, melomanlardan şopinq və ekstrim  həvəskarlarınadək – maraqlı materiallarla zəngindir. İngilis və rus dillərində nəşr olunan kataloqun budəfəki buraxılışının rubrika və bölmələrində fərqli və yaddaqalan istirahət arzulayan hər kəs axtardığını tapa biləcək.

2.Bakını  kəşf et

“Bakını kəşf et” bölməsində rəngarəng illüstrasiyalarla təqdim olunan yazılarda qədim şəhərin həm ənənəvi, özünəməxsus koloriti, həm də ultramüasir yenilikləri, eləcə də mövsümə uyğun özəllikləri diqqəti çəkir.  Bakıya istər tək, istər ailəliklə gələnləri burada ürəkləri istəyən istirahət və əyləncə gözləyir.

3.Bakı 3 günə

Şəhərimizə qısa müddətə gələnlər üçün isə “Bakı 3 günə” yazısı maraqlı olacaq. İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayından başlanan marşrut şəhərin əsas gəzməli-gərməli yerlərini əhatə edir. Bununla bərabər, minilliklərin vərəqləndiyi Qobustan, Yanardağ  və Atəşgah qoruqlarına baş çəkə, “Bakının memarlıq inciləri”ni gözdən keçirə, “Tarixə toxun”ub Azərbaycanın milli geyimləri haqqında məlumat əldə edə bilərsiz.

4.Odlar Yurdunda qar nağılı

“Baku Guide” ənənəsinə sadiq qalaraq Azərbaycanın paytaxtdan kənar gözəlliklərini də oxucularına təqdim edir. “Odlar Yurdunda qar nağılı” yazısı mövsümün nəfəsini təbiət qoynunda duymaq və əsl qış havasını yaşamaq istəyənlər üçün nəzərdə tutulub. Yazıda qış istirahəti həvəskarlarına faydalı məsləhətlər verilir. Vurğulanır ki, Azərbaycanda təbii iqlim müxtəlifliyi ilboyu istirahət üçün geniş imkanlar açır.

5.Tax Free

Kataloqun bu sayında həmçinin turistlər üçün maraq kəsb edən “ASAN Viza” xidməti, “Tax Free” sistemi, bu sistemin üstünlükləri, şərtləri, “Baku City Tour”, şəhər turunun marşrutu barədə materiallar verilib. Şəhərdəki məşhur restoran və kafelər, bar və pablar, şopinq həvəskarları üçün iri ticarət mərkəzləri, əyləncə axtaranlar üçün karaoke və gecə klubları, kinoteatrlar barədə məlumatlar da “Baku Guide” oxucularına bələdçilik edir.