Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə sərgi keçirilib. “Basqal kəlağayısı” sərgisi qoruğun sərgi zalında təşkil olunub. Kəlağayı sənətkarları ilə dəyirmi masa keçirilib. Bu tədbirlər Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınmasının beş illiyinə həsr edilib.
Tədbirə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, italiyalı sənətşünas Giulio Vinaccia, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev, sənətşünas alimlər, professor Kübra Əliyeva, professor Rəna İbrahimbəyova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, epiqrafçı alim Həbibə Əliyeva, “Kəlağayı” İpək Mərkəzinin rəhbəri Cəlil Tarverdiyev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçiləri, “Basqal”, “Lahıc” və “Kiş” Dövlət Tarix-Mədəniyyət Qoruqlarının əməkdaşları, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri, Basqallı kəlağayı sənətkarları qatılıblar.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli dəyirmi masada çıxış edib. Tədbirin əhəmiyyətindən danışıb. Dövlət Turizm Agentliyi tərəfindən kəlağayı sənətkarlığı ilə bağlı layihə və proqramların hazırlandığını diqqətə çatdırıb. F.Xəlilli hər il noyabr ayında kəlağayı gününün keçirilməsinə sevindiyini qeyd edib. Bu günün “Kəlağayı festivalı” səviyyəsinə çatdırılacağına ümid etdiyini söyləyib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev kəlağayı sənətkarlığı üçün lazım olan xam malın – ipəyin istehsalı və baramaçılığın inkişafı üçün bölgədə lazımi şəraitin yaradıldığını qeyd edib. O, rayonda yeni tut bağlarının salındığını, barama istehsalının ilbəil artdığını, 6 min tona çatdığını vurğulayıb.
Dəyirmi masada Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev Agentliyin Basqalda gördüyü işlərdən, hazırlanan layihələrdən danışıb. İpəyin istehsalından kəlağayının boyanmasına qədər prosesin Basqalda həyata keçirilməsinin turizm baxımından əhəmiyyətini qeyd edib. O, Qoruğun mini Kəlağayı Tədris Mərkəzini qurmaq istədiklərini, bu istiqamətdə professor Kübra Əliyeva, basqallı sənətkar Mürşüd Talıbov və özəl tədris qurumlarından “Nuğay” Sənət, Tədris, Bərpa və Konservasiya Mərkəzi ilə müzakirələr apardıqlarını söyləyib.
İtaliyalı sənətşünas Giulio Vinaccia Basqalın kəlağayı ustalarının məlumat bazasını yaratdıqlarını bildirib. Yeni dizaynlar üzərində işlədiklərini və Basqal sənətkarları ilə əməkdaşlığın genişləndiriləcəyini qeyd edib.
Daha sonra professorlar Rəna İbrahimbəyova və Kübra Əliyeva, “Kəlağayı” İpək Mərkəzinin rəhbəri Cəlil Tarverdiyev, Basqal kəlağayı sənətkarı Ələsgər Xəlilov çıxış edib. Mövcud vəziyyətdən, yerli sənətkarların problemlərindən, sənətin davamlı olması üçün birgə əməkdaşlığın vacibliyindən danışıblar. Mütəxəssislərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda qonaqlar Basqal Qoruğunun hazırladığı sərgi və Şeyx Məhəmməd məscidində aparılan arxeoloji qazıntılarla tanış olublar.