Ev Turizm Xəbərləri Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda ənənəvi xeyriyyə bazarında iştirak edib

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda ənənəvi xeyriyyə bazarında iştirak edib

ənənəvi xeyriyyə bazarı

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası (QA) tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

ənənəvi xeyriyyə bazarı

Xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda, yerli şirkətlərin iştirak etdiyi bazarda ölkələrin milli-mədəni dəyərləri, mətbəxi, adət-ənənələri, iqtisadiyyatı, tarixi, mədəniyyəti, turizm potensialı nümayiş olunub.

Tədbirin açılışında çıxış edən Pakistanın birinci xanımı Samina Alvi xeyriyyə bazarında ehtiyacı olan insanlara maliyyə yardımı toplamaqla yanaşı, müşahidə edilən müxtəlifliyin iştirakçı ölkələr arasında harmoniya yaratdığını qeyd edib. “Başqalarının qayğısına qalmaq bizi daha yaxşı və qayğıkeş insan edir” deyən xanım S.Alvi bu nəcib iş üçün diplomatik korpusun birgə səylərini yüksək qiymətləndirib. O həmçinin QA-nın Pakistanda yoxsullara dəstək naminə həyata keçirdiyi xeyriyyə aksiyalarını təqdir edib.

ənənəvi xeyriyyə bazarı

Pakistanın Xarici İşlər üzrə katibi Soheyl Mahmud diplomatların öz ailələri ilə birgə belə xeyriyyə tədbirləri keçirdiklərinin ürəkaçan olduğunu bildirib.

Pakistan Xarici İşlər nazirinin xanımı Mehrin Qureyşi, QA-nın prezidenti xanım Maviş Soheyl çıxışlarında təşkilatın 72 illik tarixi olduğunu bildiriblər. Bu illərdə Pakistan diplomatik xidmət orqanlarının imkansız ailələrə yardım etdiyini, bu məqsədlə müxtəlif tədbirlər keçirdiyini, builki bazarın “Fərqlilik yarat” (Make a difference) devizi altında təşkil olunduğunu, belə tədbirlərin xeyriyyə ilə yanaşı mədəni müxtəlifliyin təbliğinə xidmət etdiyini diqqətə çatdırıblar.

ənənəvi xeyriyyə bazarı

Səfirliyimizdə çalışan diplomatların övladları milli geyimdə “Ölkələr paradı”nda Azərbaycan bayrağını səhnəyə gətirib və dalğalandırıblar. Təşkil olunan mədəni proqramda Azərbaycan xalq mahnısının sədaları altında uşaqların rəqsi tamaşaçılara təqdim olunub. Tədbirə qatılanlar Azərbaycan səfirliyinin pavilyonuna böyük maraq göstərib və milli musiqimiz alqışlarla qarşılanıb.

Azərbaycan səfirliyinin pavilyonunda milli yeməklərimiz, şirniyyatlarımız, o cümlədən milli çay dəstgahı iştirakçılara təqdim olunub. Milli geyimlərimiz, həmçinin tariximizi və mədəniyyətimizi təcəssüm etdirən suvenirlər nümayiş olunub. İçərişəhəri, Möminə Xatun türbəsini, Qız Qalasını, eləcə də görkəmli şəxsiyyətlərimizi, milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər də maraqla qarşılanıb.

ənənəvi xeyriyyə bazarı

Xeyriyyə bazarında Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, jurnallar, fotoşəkillər nümayiş etdirilib.

Samina Alvi və digər rəsmi qonaqlar zəngin pavilyonlardan olan Azərbaycan guşəsini ziyarət edib, milli yeməklərimizin və şirniyyatların dadına baxıblar.

Xeyriyyə bazarında Azərbaycan səfirliyinin pavilyonundan əldə olunan vəsait QA-nın fonduna köçürülüb.