Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin “Rayda” turizm şirkəti ilə birlikdə Minsk şəhərində yerləşən “Prezident” Hoteldə turizm imkanlarımıza həsr olunmuş təqdimat keçirib.
Tədbiri açan səfir Lətif Qəndilov Azərbaycan və Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Təşkil olunmuş tədbirin Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etməsindən danışıb. Xalqlarımızın bir-birini yaxından tanıması, tarixini və adət-ənənələrini öyrənməsi baxımından vacib olduğunu söyləyib.

Azərbaycanda turizm sektorunun inkişafına dövlət tərəfindən ciddi diqqət ayrıldığını və böyük investisiya qoyulduğunu bildirib. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinə daxil olan Atəşgah kompleksi, Şəki Xan Sarayı, Qız Qalası və Şirvanşahlar Sarayı kimi tarixi abidələrlə zəngin olduğunu qeyd edən L.Qəndilov, eyni zamanda, ölkəmizin Şərqlə Qərb arasında təbii körpü olduğunu söyləyib. Azərbaycan xalqı tarixən tolerant olub. Təsadüfi deyil ki, ölkəmiz həm şərq, həm də qərb mədəniyyətini özündə cəmləşdirir.
Səfir ölkəmizdə yeni hotellərin, əyləncə mərkəzlərinin, dağ xizəkçilik komplekslərinin tikildiyini və lazımi infrastrukturun qurulduğunu söyləyib. Qısa müddət ərzində Qəbələ və Qusarda dünya standartlarına uyğun Qış turizm mərkəzləri yaradılıb. Yay turizminin imkanlarından tam istifadə olunması üçün yeni obyektlər tikilib və marşrutlar salınıb.
Azərbaycan və Belarus əhalisinin bir-birlərinin ölkələrinə olan maraqları və yaxın isti münasibətləri turizm potensialının tam istifadə olunmasını vacib edən məqamlardan olduğunu bildirib. L.Qəndilov belaruslu turistlərin daha rahat və münasib qiymətə Azərbaycanın gözəlliklərindən həzz almaları üçün qrup şəklində çoxlu sayda turların da təşkil olunmaq imkanının mövcudluğunu qeyd edib.
