Ev Turizm Xəbərləri Berlində Azərbaycan mahnılarından ibarət konsert keçirilib

Berlində Azərbaycan mahnılarından ibarət konsert keçirilib

Berlin Azərbaycan

Almaniyanın paytaxtı Berlin şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Həsənov dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı, DİDK-nın bütün dünyada həyata keçirdiyi maraqlı layihələr, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, idmanı və turizm potensialı barədə ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Emil Həsənov torpaqlarımızın 20 faizinin işğal edildiyini diqqətə çatdırıb.

Konsertdə Almaniyada yaşayan, bu ölkənin “The Voice” (“Səs”) müsabiqəsində ifası ilə yerli tamaşaçıları heyran qoyan həmyerlimiz Seyran İsmayılxanov Azərbaycan mahnılarını ifa edib. Konsert ifa olunan Azərbaycan mahnılarının sözləri Mirijam Vanneste-Vratz tərəfindən alman dilinə tərcümə edilib. Bu, tamaşaçıların böyük marağına səbəb olub.

Musiqili gecədə, həmçinin Köln şəhərində fəaliyyət göstərən Qafqaz Rəqsləri Qrupu və fortepiano ifaçısı Esmira Arzhang çıxış ediblər.

Almaniyada fəaliyyət göstərən “Spirit of Caucasus” şirkətinin rəhbəri Anja Bell konsertə göstərilən təşkilati dəstəyə görə minnətdarlığını bildirib.