Ev Turizm Xəbərləri “Biletlərin və turların bərpası 2020-ci ilin sonu, 2021-ci ilin əvvəli mümkün olacaq”...

“Biletlərin və turların bərpası 2020-ci ilin sonu, 2021-ci ilin əvvəli mümkün olacaq” – Müsahibə

Telman Məmmədov

Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, ölkənin imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Azərbaycanda da turizm sahəsi inkişaf mərhələsindədir. Azərbaycan turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Lakin COVİD-19 pandemiyası bütün sahələrə olduğu kimi, turizm sahəsinə də təsirsiz ötüşməyib. Turizmin sarsılması onunla bağlı olan digər sahələrə də öz mənfi təsirini göstərib. Belə ki, artıq turistlərin səyahət etməməsi səbəbindən aviaşirkətlər də sıradan çıxma təhlükəsi ilə üz-üzə qalıb.

Gezmeli.az Correct.az-a istinadən  Azərbaycanda turizmin mövcud vəziyyəti ilə bağlı “Go Travel” turizm şirkətinin rəhbəri Telman Məmmədovla müsahibəni təqdim edir. O, öz müsahibəsində sözügedən sahə ilə bağlı çox vacib məqamlara aydınlıq gətirib. Müsahibəni oxucularımıza təqdim edirik:

Cari ilə nisbətən turist sayında təxmini neçə faiz azalma müşahidə etdiniz?

-Keçən ilə nisbətən azalma hədsiz dərəcədədir. Hal-hazırda turistlərin gəlişi ilə bağlı müəyyən məhdudiyyətlər qoyulub. Gələnlər isə əksəriyyəti Azərbaycan vətəndaşları olub. Onların içərisində Rusiyada yaşayan və Rusiya vətəndaşlığı alan şəxslər də olub.

Faiz nisbəti ilə ifadə etsək turist sayında təxminən 90 faiz azalma müşahidə edilib. Dövlətin ayırdığı maliyyə bir sahibkar kimi sizi etdimi?

-Vergilərdə müəyyən problemlərimiz olduğu üçün sadəcə bir ay bu yardımı ala bildik.

Bu yardım da işçilərimizin hesabına köçürüldü. Ləğv edilmiş turlar və biletlər necə bərpa ediləcək?

-Biz turistlərimizlə bilet və ya tur satışı zamanı müqavilə bağlayırıq. Hərşey müqavilə əsasında aparılır. Biletlərin və turların bərpası 2020-ci ilin sonu və ya 2021-ci ilin əvvəlində mümkün olacaq. Heç bir komissiya olmadan, turistlərin istəyinə uyğun dəyişdiriləcək. Hal-hazırda ödənişlər şirkətlərdə depozit kimi saxlanılır.

Pandemiya dövründə turistlərin suallarının cavablandırılması hansı qaydada tənzimləndi? Bu turistləri qane etdimi?

-Bu proses yalnız onlayn şəkildə tənzimləndi. Sözsüz ki, bütün müştərilər eyni anlayışı göstərmədi. Bir sıra problemlərlə qarşılaşdıq. Biz səbrlə danışıqlar apararaq onlara vəziyyəti izah etməyə çalışdıq, çünki bu nə turistin, nə də ki aviaşirkətin yaratdığı bir problem deyil. Bu qlobal bir problemdir. Pandemiya dövründə bir çox şirkətlər maddi tənəzzülə uğraması, telefonlara cavab verməməsi digər şirkətlərə də bir sıra problemlər yaratdı. Bu da müştərilərlə vəziyyəti daha da gərginləşdirdi. Bu səbəbdən də müştəri mütləq şəkildə tur aldığı aviaşirkəti öncədən araşdırmalıdır.

Pandemiya davam etdiyi müddətdə dövlətdən gözləntiləriniz nələrdir və yaxud hansı tədbirlərin görülməsini istəyərdiniz?

-Dövlətdən zərər çəkmiş sahibkarlara maddi və mənəvi cəhətdən dəstəyin olunmasını istəyərdim. Hansı ki, həqiqətən araşdırılsın və həqiqətən zərərçəkmiş şirkətlər müəyyənləşdirilərək dəstək göstərilsin. Düşünürəm ki, hər bir turizm şirkəti üçün lisenziya tətbiq olunmalıdır. Lisenziya tətbiq olunan şirkətlərin sahibkları ilə görüşlər keçirilməlidir. Bu vəziyyətin yaxşı mənada daha tez dəyişməsinə köməklik göstərəcək.