Gələn ildən Türkiyədə də “turizm vergisi”nin tətbiqi nəzərdə tutulur. Otelin ulduz kateqoriyasından asılı olaraq bir sutka qalmaq üçün 6 lirədən 18 lirəyədək vergi tutulması təklif olunur. 2019-cu ilin 9 ayının nəticələrinə əsasən, Türkiyəyə 41 milyon turist səfər edib. Turizm sektorunun gəliri isə 27 milyard dolları ötüb. Yeni verginin tətbiqindən sonra Azərbaycan vətəndaşlarının da istirahət etmək üçün ən çox səfər etdiyi ölkələrdən olan Türkiyədə turizm xidmətlərinin bahalaşacağı gözlənilir.
Turizm eksperti Ruslan Quliyevin sözlərinə görə, sahibkarlar çalışacaq ki, turistlər qiymət artımını çox hiss etməsinlər: “Bir turpaketin və ya xidmətin maya dəyəri hesablanan zaman qiymətlərdəki artım sadəcə turistin üzərinə qoyulmayacaq. Kompromis variant kimi sahibkarlar da öz gəlirlərindən müəyyən qədər pay verəcək. Bununla da əvvəlki qiymətlər saxlanılmış olacaq. Turizm vergisindən əldə olunan vəsaitlər isə yenidən turizm sektorunun inkişafına yönəldiləcək. Ona görə də bu verginin tətbiqindən sonra Türkiyədə turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün dövlət tərəfindən geniş təşviqat işləri görüləcəyi nəzərdə tutulur”.
Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, dünyanın bir sıra ölkələrində turistlərdən vergi tutulur. Bu cür vergi Azərbaycanda da tətbiq olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər xidmət göstərdikləri hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyənin hesabına ödəniş etməldir. Lakin bir sıra Avropa ölkələri var ki, orada turistlərdən tutulan vergi bizdəkindən 6-7 dəfə çoxdur:
“Barselona, Amsterdam kimi şəhərlərdə bu vergilər xeyli müddətdir tətbiq olunur. İspaniyanın bir sıra kurortlarında hər turistə görə sutkalıq 3 avro “kurort yığımı” var. Bundan əlavə, gələn ildən yerləşmə müəssisəsindəki qiymətin 7 faizi miqdarında əlavə vergi tutuması da təklif olunur. Bəzi ölkələrdə isə turistlərdən eko-vergi tutulur. Bu vergi turistlərin ekologiyaya, ətraf mühitə vurduğu zərərləri aradan qaldırmaq üçün nəzərdə tutulub. Dünyada daha çox yayılmış təcrübə belədir ki, bu cür vergilər bələdiyyələrin hesabına toplanır”.
Bəzi Avropa ölkələrində isə turistlərə vergilərin tətbiq olunmasında əsas məqsəd dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi yaratmaq və turistlərin sayını bir qədər azaltmaqdır. Onlar çalışır ki, ölkəyə az, amma çox pul xərcləyən turistlər gəlsin. Nə qədər qəribə səslənsə də, məsələn, Amsterdamda turistlərin sayını azaltmağa çalışırlar. Cəmi 900 min əhalisi olan bu şəhərə ildə 18 milyondan çox turist səfər edir ki, bu da yerli əhalinin narazılığına səbəb olur. Turizm sektorunun illik gəliri 90 milyard dolları ötsə də, həddindən çox olan turist axını amsterdamlıların həyatına bəzən mənfi təsir göstərir. Bundan başqa, turistlər şəhərin infrastrukturuna, tarixi binlarına və ekologiyasına da mənfi təsir göstərirlər. Ona görə də gələn ildən Amsterdamda turistlərə tətbiq olunan vergi bir qədər artırılacaq. 2020-ci ildən Hollandiyanın paytaxtına səfər edən turistlər bir otel otağının dəyərinin 7 faizi məbləğində, üstəlik hər gecəyə görə adambaşına 3 avro vergi ödəməli olacaqlar. 16 yaşa qədər uşaqlar isə vergidən azaddır. Toplanan vəsaitlər tarixi binaların və mədəni irs obyektlərinin bərpasına, şəhərin park və çay kanallarının təmizlənməsinə, ətraf mühitə dəyən ziyanın aradan qaldırılamsına xərclənəcək.