Ev Turizm Xəbərləri Bizi tanıyanlar çoxalır – TURİZM POTENSİALI

Bizi tanıyanlar çoxalır – TURİZM POTENSİALI

turizm

Heç kimə sirr deyil ki, turizm iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Neft, tibb, maşınqayırma sahəsindən sonra dördüncü ən gəlirli sahə məhz turizmdir. Buna görə də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə rəhbərliyi bu sahəni inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Əlbəttə, bu, təbii bir haldır, çünki təkcə neft sahəsi ilə inkişaf etmək olmaz və qeyri-neft sektorunun inkişafı vacibdir. Bu mənada müstəqilliyimizin ilk aylarından Azərbaycanda turizm bazarının hüquqi əsasları bərqərar edilməyə başlandı. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün sosial-mədəni servis xidmətləri yenidən təşkil olundu.

Azərbaycan turizm ölkəsi kimi…

Şübhəsiz ki, bütün bunları şərtləndirən ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanların mövcud olması idi. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yenilənməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu, insanların qonaqpərvərliyi, mövcud tolerantlıq ənənələri, multikultural dəyərlərin qorunması, zəngin milli mətbəximiz, tariximiz, ədəbiyyatımız, ölkəmizdə olan davamlı ictimai-siyasi və iqtisadi sabitlik turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövcuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan “İçəri şəhər”, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məşhurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoyub.

Dövlət Turizm Agentliyi yaradılmasının başlıca məqsədi

Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi üçün 2018-ci ilin aprelində yaradılan Dövlət Turizm Agentliyi (DTA) də bu istiqamətdə olduqca böyük işlər görməkdədir. Agentlik aşağıdakı əsas vəzifələrin icrasını hədəfləyib: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək. Əlbəttə, bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir ki, DTA da bunun öhdəsindən layiqincə gəlir.

Belə ki, turizm sahəsi yalnız paytaxt Bakıda deyil, ölkəboyu, bütün rayonlarda inkişaf etdirilir. Bu gün bütün turistik rayon və kəndlərdə mehmanxanalar, əyləncə və istirahət məkanları inşa olunur, müasir standartlara cavab verən parklar salınır. Təbiətin bəxş etdiyi əsrarəngiz məkanlarda və ya mötəbər tarixi abidələrin yaxın ətrafında turizm obyektləri yaradılır. Bütün bunlar da turizm sektorunun ölkəboyu inkişaf etdirilməsinə böyük bir töhfədir. Bir sözlə, son illər ölkəmiz beynəlxalq turizm ənənələrinin inkişafı, turizm şirkətlərinin və mehmanxanaların sayının artırılması, turizm sektorunun dünya standartlarına uyğun səviyyədə təşkili və Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində ardıcıl işlər aparır. Məhz bunun nəticəsidir ki, respublikamıza dünyanın bütün ölkələrindən turistlər axın edir. Bir zamanlar paytaxtda, eləcə də regionlarda turistə az-az rast gəlinirdisə, indi az qala hər addım başı dünyanın ən qabaqcıl ölkələrindən Azərbaycana təşrif buyuran turistlərə rast gəlirik. Azərbaycanda idman, hərbi, mədəni, tarixi, ədəbi və hüquqi sahədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər də məhz ölkəmizə çoxsaylı turistin axın etməsinə geniş imkan açıb.

Turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var

Qeyd edək ki, Azərbaycanda turizmin inkişafını daha çox iki prizmadan yüksək dəyərləndirmək olar. Birincisi, ölkəmizə gələn hər bir turist Azərbaycan tarixi, mədəniyyəti, çoğrafiyası, ərazisi ilə tanış olur. Və ən ağrılı məsələmiz olan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri və münaqişəyə dair həqiqətləri öyrənir. Bununla da Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırıq. İkinci başlıca məqsəd isə ölkə başçısı cənab İlham Əliyevin təbirincə desək, turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və xarici iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Bir sözlə, ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur.

Azərbaycan – turistik və multikultural dəyərlərin qorunduğu ölkə

Biz də “Şərq” qəzeti olaraq ölkəmizdə turizmin inkişafı ilə bağlı vəziyyəti real olaraq ictimaiyyətə çatdırmaq üçün, paytaxt küçələrinə düşüb, reportaj hazırlamaq qərarına gəldik.

Metronun “Elmlər akademiyası” stansiyası yaxınlığındakı Hüseyn Cavid parkında gəzən hindistanlı turist Dipul Patel bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda turistlər üçün geniş imkanlar yaradılıb və bura multikultural dəyərlərin qorunduğu bir ölkədir:

“5 gündür ki, buradayam. Azərbaycan xalqından yalnız diqqət və qayğı görmüşəm. Bizi çox xoş qarşılayırlar. Heç kim bizə irqimizə, dinimizə görə fərq qoymur. Gedəcəyimiz yeri soruşduğumuz insanlar da mənimlə çox səmimi davranırlar. Dincəlmək üçün istirahət məkanlarına gedirik. Çox zəngin mətbəxiniz var. İstirahət məkanlarında xidmət səviyyəsi də yüksəkdir. Azərbaycanda bir dostum var. İndi onunla görüşməliyəm. O mənə “Sən bizim ölkədə qonaqsan” – deyib, bütün xərclərimi qarşılayırdı. Əvvəlcə, mənim yerimə pul xərcləməsi mənə qəribə gəlirdi, amma sonradan mənə anlatdı ki, bu məsələlər Azərbaycan xalqının qonaqpərvərliyindən irəli gəlir. Sizin qonaqpərvərliyinizə və ürəyiaçıqlığınıza heyranam. Mən şəxsən Azərbaycan xalqından çox razıyam. Mən burada sərbəst şəkildə gəzirəm, dəyib-dolaşan yoxdur”.

Əsrarəngiz təbiət, maraqlı mətbəx və zəngin adət-ənənələr…

Bir müddət əvvəl Fransanın ölkəmizdəki səfirliyində çalışmış və hazırda Bakıya turist kimi səfər edən ukrayn mənşəli fransız Dmitri Kupinovun da münasibətini öyrəndik.

O da bildirdi ki, Azərbaycanda əylənmək və dincəlmək üçün bütün turistik təchizat mövcuddur: “Azərbaycanda çalışan vaxtlar az qala ölkənizin möhtəşəm və heyranedici təbiətə malik rayonlarını gəzmişəm. Qəbələ, İsmayıllı, Quba, Qusar, Şamaxı, Qax, Zaqatala, Gəncə və Qazaxa da gedib çıxmışam. Olduqca nəfis təbiətiniz, mətbəxiniz, adət-ənənələriniz var. Burada insanlar, eləcə də turistik məkan sahibləri əcnəbi turistləri əllərinin içində saxlayırlar. Üstəgəl, Azərbaycan insanların sakit, dinc və əminaman şəkildə yaşadığı bir ölkədir. Üstəgəl, burada müxtəlif dinlərin daşıyıcıları arasında mehribanlıq mövcuddur.

Bu, bir tolerantlıq nümunəsidir. Azərbaycandakı fəaliyyətim müddətində sizin ölkədə xristianlara dini görüşlərinə görə təzyiqlərin göstərilməsi halına bir dəfə də olsun rast gəlmədim. Hər kəs öz adət-ənənəsini və dini inancını rahat şəkildə yerinə yetirir.

İnanıram ki, Azərbaycan çox qısa bir müddətdə dünyanın turistik guşələrindən birinə çevriləcək”.

Tarixi qədim, təhlükəsiz, insanları mehriban, yeməkləri dadlı məkan…

“Tarqovı” küçəsində gəzən ərəb turistə yaxınlaşıb, Azərbaycanda turizmin inkişafı və multikultural dəyərlərlə bağlı onun da fikirlərini öyrəndik. Najah Əl-Muhammad adlı xanım turistin sualımıza cavabı qısa oldu:

“Biz burada çox rahatıq. Azərbaycan insanları mehriban, gülərüz, yeməkləri dadlı, təamlı, təhlükəsiz bir ölkədir. Heç kim bizə təzyiq, basqı göstərmir. Bakı küçələrində rahat şəkildə gəzişirik”.

“Çox xoşbəxt xalqsınız…”

2008-2015-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) müəllim kimi çalışmış, Fransanın Tuluz şəhərindən olan Döni Möniye də Azərbaycanda turizmin inkişafına böyük diqqət yetirildiyini söylədi və ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə qorunduğunu diqqətə çatdırdı:

Çox xoşbəxt xalqsınız… 10 ilə yaxın Azərbaycanda yaşadım. Çoxsaylı tələblərim var. Demək olar ki, əksər tələbəmlə feysbuk sosial şəbəkəsi üzərindən əlaqə saxlayıram. Azərbaycanda olduğum müddətdə Azərbaycandan və azərbaycanlılardan yalnız diqqət gördüm. Azərbaycan insanı yeniliyə açıqdır. Ünsiyyətçil və qayğıkeşdirlər. Azərbaycanda çalışanda müəllimlərdən biri mənə “kaklikotu” (red – kəklikotu) hədiyyə etdi və onu evə aparıb çay hazırladıq. Hələ də onun qoxusu burnumdadır. Çox bəyəndik. Azərbaycan xalqı qaynayıb-qarışmağı sevir. Azərbaycanda heç vaxt özümü narahat hiss etmirdim. Adama elə səmimi münasibət göstərirlər ki… Dinimə, etnik mənşəyimə və dilimə görə, heç vaxt nifrətlə rastlaşmamışam. Əslində mağazada, kafedə kimsə biləndə ki, Fransa vətəndaşıyam, fransızca “Bonjour”, “bonjour” (salam) deyirdilər. Azərbaycan əsl yaşanmalı ölkədir. İrqçilik, ksenofobiya və rasizmdən əsər-əlamət yoxdur. Təbiətiniz, turistik məkanlarınız isə göz oxşayır. Çox xoşbəxt xalqsınız ki, belə bir ölkənin, belə bir təbiətin qoynunda yaşayırsınız.

“Dincəlmək üçün hər cür şərait var”

Metronun “20 yanvar” stansiyası yaxınlığındakı balaca bir butikdən telefon alan pakistan vətəndaşı Kenan Ahmedi də söylədi ki, Azərbaycana dincəlməyə gəlib və hətta mümkün olarsa, iş tapıb işləməyə də çalışacaq:

“Ölkənizə ilk dəfədir gəlirəm. Çox bəyəndim. Bəzi dostlarım var, onlara da demişəm. Onlar da gəlmək istəyirlər. Azərbaycanda qalıb işləmək haqqında da düşünürəm. Burada da alqı-satqı ilə məşğul olan pakistanlı dostlarım var. Heç bir çətinlik çəkmədən burada işləyib, pul qazanırlar. Çox səmimi millətiniz var. Heç kim mənə dərimin rənginə, başqa millət olduğuma görə fərq qoymur. 10 gündür ki, buradayam kirayədə qaldığım binada qonşularla dostlaşmışıq. Azərbaycanlı gənclərlə futbol oynamağa gedirəm. Onlardan Murad adlı bir dostum məni tez-tez evlərinə qonaq dəvət edir və anası bizim üçün aş, dolma bişirir. Demək olar ki, Azərbaycan milli kulinariyası ilə yaxından tanışam. Çox zəngin mətbəxiniz var. Burada bizim hüquqlarımız tamamilə qorunur. Öz ölkəmdə necə rahat gəzib-dolaşıramsa, Azərbaycanda da bu şəkildə yaşayıram. Siyasi baxımdan da Azərbaycanla Pakistan arasında çoxsaylı müqavilələr mövcuddur. Bunun da bizə olan münasibətə çox böyük müsbət təsirləri var”.

“Özümü evimdəki kimi hiss edirəm”

Azərbayanda bakalavr təhsili alan türkiyəli tələbə Enes Sarıoğlu da ölkəmizin turistik imkanlarını çox yüksək qiymətləndirib. Bundan başqa o söyləyib ki, Azərbaycanda özünə və digər qonaqlara qarşı aryrıseçkilik və təzyiqlər müşahidə etməyib:

“Biz iki dövlət bir millətik. Hamımızın soyumuz eynidir. Biz hamımız bir soyun, qanın daşıyıclarıyıq. Bu mənada Azərbaycanda olarkən özümü Türkiyədə öz baba yurdumda, öz evimdə olduğum kimi hiss edirəm. Dilimiz, dinimiz, məsləkimiz eynidir. Nəinki Türkiyə vətəndaşlarına, digər xalqların və millətlərin nümayəndələrinə də çox dözümlü yanaşılır. Sən də bilirsən ki, bizim qrupda kamerunlu tələbə təhsil alırdı. Ona qarşı qrupda, küçədə, yolda hiç bir irqi, dini ayrıseçkilik baş vermirdi. Hətta o da bir neçə dostuna Azərbaycanda təhsil almağı tövsiyə etmişdi. Azərbaycan qapısını bütün dünyaya açıb. Dilindən, dinindən, irqindən, məsləkindən və etnik kökənindən asılı olmayaraq bu ölkədə hər kəs qaynayıb, qarışıb. Hətta bu günAzərbaycanda olan multikultural dəyərlər, digər xalqlara tolerant yanaşma bəzi Avropa ölkəsinin özündə belə yoxdur. Baxın, bir fransız vətəndaşına ingilis dilində sual verəndə o dili bilsə də, sənə cavab vermir. Və yaxud da bir gürcüyə rusca sual verirsən, sənə çox çətinliklə cavab verir. Bu mənada Azərbaycan doğrudan da əsl multikultural və turistik bir ölkədir.

“Bakıda, rayon və kəndlərinizdə çox möhtəşəm məkanlar var”

Rusiyalı turist Qonçarova Lyüba Dmitri qızı da Azərbaycana səfər etməkdən çox məmnundur:

Artıq 2 ildir ki, dincəlmək üçün Azərbaycanı seçirəm. Bakıda, rayon və kəndlərinizdə çox gözəl, möhtəşəm mənzərələr var. Təbiət, mətbəx, xidmət, qiymətlər və insanlar vəhdət təşkil edir. Hər şey yüksək səviyyədədir. Rahat şəkildə gəzirəm, tarixi binalar və mədəniyyət abidələrinə baş çəkirəm. Kimsə mənə dinimə, irqimə və etnik kimliyimə görə fərq qoymur. Azərbaycan xalqı çox səmimi, mehriban xalqdır. Azərbaycanın ənənələrini də bəyənirəm və burada olmağımdan çox razıyam”.