Öz tarixi, mədəni və təbii sərvətləri sayəsində dünyanın turizm paytaxtlarından biri olan İstanbul turistlərin sayına görə növbəti rekordu müəyyən edib.
2019-cu ilin yanvar-may aylarında Türkiyənin ən iri şəhərinə 5,42 milyona yaxın turist gəlib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11 faiz çoxdur.
Türkiyənin “Daily Sabah” nəşrinə istinadla xəbər verir ki, bu rəqəm son beş il üçün də rekord göstəricidir. Hadisələrin gedişi göstərir ki, İstanbul 2019-cu ildə 15 milyon turist qəbul etmək hədəfinə sürətlə yaxınlaşır.
İstanbula gələn qonaqların çoxu (394.925 turist) Almaniyadandır. Sonrakı yerləri İran (337.428 turist) və Rusiya (290.985 turist) tutur.
İstanbulun keçmiş meri Əli Yerlikayanın sözlərinə görə, bu şəhər turistlərin sayına görə hazırda Avropada üçüncü və dünyada onuncu yeri tutur. İstanbulun yeni aeroportu bu şəhərin turizm mövqelərini daha da möhkəmləndirir. Keçmiş mer deyib: “Biz otellərimizə və xidmətin keyfiyyətinə görə dünyada birinciyik. Bizim qiymət siyasətimiz də kifayət qədər rəqabətqabiliyyətlidir. Bütün bunların sayəsində İstanbul turizmin bütün növləri üzrə unikal istiqamətdir”.
Yerlikaya vurğulayıb ki, Türkiyəyə gələn hər 100 turistin orta hesabla 42-si məhz İstanbula gəlir.
Rəsmi məlumata görə, 2019-cu ilin ilk beş ayı ərzində Türkiyəyə gəlmiş əcnəbilərin ümumi sayı illik hesabla 11,3 faiz artıb. Yanvar-may aylarında ölkəyə 12,8 milyona yaxın əcnəbi gəlib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 11,5 milyon olub.