PAYLAŞ
Pasport

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın bəzi vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, F.Nağıyev bildirib ki, o, bu təkliflə bu yaxınlarda Rusiyada keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edib:

“Rusiyanın bəzi regionlarında yaşayan Rusiya vətəndaşlarının Azərbaycana özlərinin daxili pasportları ilə gələ bilməsini təklif etmişəm. Bizim turizm münasibətlərimiz yalnız Rusiyanın mərkəzi ilə deyil, regionları ilə əlaqələrin inkişafına yönəlib. Yaxın vaxtlarda Rusiyanın bəzi regionlarının sakinlərinin özlərinin daxili Rusiya pasportları ilə Azərbaycana səfər edə bilməsi ideyası var. Hazırda bununla bağlı danışıqlar aparılır”.

F.Nağıyev bildirib ki, bu il ərzində Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 7,7 faiz, Rusiyadan Azərbaycana gələn vətəndaşların sayı 6,1 faiz artıb. Dinamika müsbət olsa da, biz bu göstəriciləri kiçik hesab edirik. Buna görə də biz işlərimizi davam etdirməliyik”.

F.Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyi vizaların sadələşdirilməsi və bəzi ölkələrlə isə vizaların olmaması marağındadır: “Bizim marağımızdadır ki, vizaların verilməsi prpseduru sadələşdirilsin. Bəzi ölkılər üçün isə vizasiz rejim tətbiq olunsun. Təbii ki, turizmin inkişafı ilə bağlı agentlik tərəfindən təklif edilən məsələlər çoxdur”.

F.Nağıyev əlavə edib ki, hazırda Azərbaycanda elektron vizaların verilməsi uğurıa tətbiq edilir. Onun sözlərinə görə, elektron vizaların olması ölkəyə daha çox turistlərin gəlməsinə imkan yaradır.