PAYLAŞ
Qaranohur

Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür. Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü “Şahdağ” Milli Parkının ərazisində yerləşir.

Qaranohur gölü dəniz səviyyəsindən 1520 metr hündürlükdə yerləşir.

Coğrafiya müəllimi Şahin Gənciyevin sözlərinə görə, İsmayıllı rayonu ərazisində coğrafi və hidroloji baxımdan tədqiq olunmamış 100-dən çox kiçik göl var. Onlardan biri də Qaranohur gölüdür. “Qaranohur adında bir neçə məkan olduğundan bəzən insanlar onları dəyişik salırlar. Məsələn, İsmayıllı-Lahıc yolu üzərində məşhur Qaranohur gölü və eyniadlı dayanacaq var. Adları eyni olduğundan insanlar çox vaxt bu gölləri qarışıq salırlar. Bizim söz açdığımız Qaranohur gölü İsmayıllının rayon mərkəzindən 8 kilometr şimal-şərqdə, təxminən Talıstan və Diyalı kəndlərinin yuxarı hissəsində Böyük Qafqazın baş suayrıcı silsiləsinə paralel uzanan məşhur Nial dağının cənub yamacında yerləşir”, – deyə o bildirib.

Qaranohur gölünün toponimindən danışan həmsöhbətimiz vurğulayıb ki, gölün su mənbəyini əsasən yağış və yeraltı sular təşkil edir: “Gölün yerləşdiyi ərazi dağ və meşə landşaftları ilə əhatələnib. Burada palıd, fıstıq, vələs ilə yanaşı, Azərbaycanda relik bitkilərdən sayılan Qaraçöhrəni də görmək mümkündür. Çox gözəl füsunkar təbiətə malik olan Qaranohur gölünün böyük turizm potensialı var. Qaranohur gölü 2006-cı ilə qədər demək olar heç kəsə məlum deyildi. Bu ərazini yalnız yerli əhali tanıyırdı. Çünki gölə getmək üçün yol yox idi. 2006-cı ildə ərazi “Şahdağ” Milli Parkının tərkibinə veriləndən sonra Milli Parkın əməkdaşları əraziyə gedən cığırları bərpa etdilər. İnanıram ki, Qaranohur gölü karantin rejimindən sonra turistlər arasında daha çox tanınacaq. Bu göl Azərbaycanımızın füsunkar təbiətini bir daha sübut etmiş olacaq”.