Bərdə Regional Mədəniyyət İdarəsi yaradıcı və mədəniyyət sənayelərinin inkişafına dəstək məqsədilə “Yaradıcı sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası təşkil edib.
Bərdə şəhər Dövlət Rəsm Qalereyasının qarşısında keçirilən yarmarkada Regional İdarənin Yevlax, Mingəçevir, Tərtər, Bərdə şəhər və rayonları üzrə nümayəndələri də iştirak ediblər. Sərgi-satış yarmarkasında yaradıcı və istedadlı şəxslər tərəfindən hazırlanmış sənətkarlıq, təsviri sənət nümunələri, həmçinin musiqi ənənələri nümayiş olunub. Yarmarkaya gələnlər xalçaçılıq, toxuma və bədii tikmə, bədii oyma kimi dekorativ – tətbiqi sənət nümunələrindən danışılıblar. Eləcə də rəsm əsərləri ilə tanış olmaqla yanaşı, onların alış və satışını da həyata keçiriblər. Yarmarkada nümayiş olunan toxuma və bədii tikmə, ağac üzərində oyma işləri, xalçalar, suvenirlər, təqdim olunan musiqi nömrələri rayon sakinlərinin və qonaqların marağına səbəb olub.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev jurnalistlərə müsahibəsində sərgi-satış yarmarkasının keçirilməsinin əhəmiyyətindən danışılıb. Dövlətimizin dünya təcrübəsini nəzərə alaraq mədəniyyət sahəsinə gətirdiyi yeniliklərdən bəhs edib. Bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. Bu sənaye Azərbaycanda da inkişaf etməyə başlayıb. Dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (creative.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panel müzakirəsi keçirilib. Əsas məqsəd iqtisadiyyatın mədəniyyətə gətirilməsidir.
“Bərdə şəhərində keçirilən sərgi-satış yarmarkası regionda yaradıcı sənayenin inkişafına yönələn bir addımdır. Yaradıcı sənayenin inkişafı həm yaradıcı vətəndaşların ailə gəlirlərinin artırılmasıdır. Maddi rifahlarının yaxşılaşdırılması, həm də bölgədə turizmin inkişafı baxımından əhəmiyyət kəsb edir”, – deyə idarə rəisi bildirib.
Sözügedən sərgi-satış yarmarkası regional idarənin əhatə etdiyi Yevlax, Mingəçevir şəhərlərində, Tərtər və Bərdə rayonlarında davamlı olaraq keçiriləcək.