PAYLAŞ
Cahangir Əsgərov

Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində keçirilən forum çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalayıb.

“Azərbaycan Hava Yolları”ndan verilən məlumata görə, sənədlər IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü ƏməliyyatlarınTəhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiqini nəzərdə tutur.

Sənədləri AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsmanimzalayıblar.

“Aviation Day Azerbaijan” tədbirində AZAL və İATA-nın rəhbər heyəti ilə yanaşı, aviaşirkətlərin və turizm sahəsinin liderləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman salamlama nitqi ilə çıxış ediblər. Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzv ölkələri ilə əlaqələr üzrə koordinatoru Beka Djakeli, “Türk Hava Yolları” aviaşirkətinin baş direktoru Bilal Ekşi və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid təqdimatlarla çıxış ediblər.

“AZAL artıq 26 ildir ki, İATA-nın tamhüquqlu üzvüdür. Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edir. Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır”, – C.Əsgərov bildirib.

“IATA “Aviation Day Azerbaijan”a maksimum dəstək göstərir. Mülki aviasiya sahəsində bu mühüm tədbirin birgə keçirilməsinə görə AZAL-a öz minnətdarlığını bildirir. Azərbaycanda aviadaşımalar bazarı daima inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 milyon nəfər təşkil etmişdir. Bu da əvvəlki ilə nisbətən 11 faiz çoxdur. Dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir. Səyahət etmək istəyənlər üçün böyük üstünlükdür” – IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman bildirib.

Onun sözlərinə görə, Azərbaycanın daha güclü, etibarlı və təhlükəsiz hava nəqliyyatı şəbəkəsinin qurulmasına dair öhdəliyi Montreal Protokoluna 2014 (MP14), IATA İstismar Təhlükəsizliyinin Auditinə (IOSA), İATA Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditinə (ISAGO), Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramına (GADM) dəstəyində özünü göstərir.

Həmçinin “Aviation Day Azerbaijan” forumunda 2020-ci ildə ən mühüm IATA beynəlxalq təhlükəsizlik konfranslarından birinin – “Safety and Flight Ops Conference”in Bakıda keçiriləcəyi bəyan edilib.