Ev Turizm Xəbərləri Çin şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb

Çin şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb

Çin

Çin şirkətləri bu vaxtadək Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri nazir müavini Niyazi Səfərov Bakıda Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasında deyib.

Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun həmsədri N.Səfərov Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizin Çində ticarət nümayəndəsinin, Lucouda Azərbaycan Ticarət Evinin, Urumçidə və Şanxayda Azərbaycan şərab evlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, ölkəmizdə bank, sığorta, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, xidmət sahələrində 120-dək Çin kapitallı şirkət qeydiyyatdan keçib. Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 832 milyon dollar investisiya yatırıb.

Nazir müavini ikitərəfli əməkdaşlıqda qarşılıqlı ticarətin əhəmiyyətini vurğulayıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin 55 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib.

Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökumətinin sədr müavini Çjao Çunzyu ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. İqtisad-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda İşçi Qrupun sonuncu iclasından keçən müddət ərzində görülən işlər və qarşıdakı dövr üçün əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Tədbir çərçivəsində Azərbaycan və Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun 3-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd kənd təsərrüfatı, nəqliyyat, ticarət, energetika, səhiyyə, təhsil, turizm, mədəniyyət və sair sahələrdə əməkdaşlığın genişləndirilməsinı ehtiva edir.

Azərbaycana səfər çərçivəsində çinli qonaqlar Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.