Çin

Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindən sonra vilayətin daha 4 şəhərində ictimai nəqliyyatın hərəkəti koronavirusun (2019-nCoV) yayılmasının qarşısını almaq məqsədilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Çinin Nəqliyyat Nazirliyi Xuanqan, Icou, Cician və Çiencian şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılıb. Sakinlərdən ciddi səbəb olmasa şəhərlərini tərk etməmək xahiş olunub.

Çində virusun yayılmasının qarşısını almaq üçün iri şəhərlərdə kütləvi tədbirlər görülüb. O cümlədən Şərq ölkələrinin ay təqvimi ilə yeni il bayramı günlərində nəzərdə tutulan iri şənliklər təxirə salınır. Artıq paytaxt Pekin meriyasının mədəniyyət və turizm bürosu bu barədə açıqlama yayıb.

Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar olunmamış növünə yoluxanların sayı 630-a çatıb. Bu virus səbəbindən ölənlərin sayı isə 17-dir. Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da bu virusa yoluxma qeydə alınıb.

Çin KİV-ləri Sinqapurda da həmin virusa yoluxma faktı barədə məlumat yayıb. Bildirilir ki, yanvarın 20-də Çinin Quancou şəhərindən ailə üzvləri ilə birgə Sinqapura gələn Uxan sakini bir gündən sonra qızdırma və öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə və analizlər nəticəsində 66 yaşlı kişinin 2019-nCoV-a yoluxması təsdiqlənib. Sinqapurun Səhiyyə Nazirliyi həmin kişinin ailə üzvlərini, habelə təyyarədə ondan 2 sıra öndə və arxada oturan sərnişinlərin müəyyən edilməsi ilə məşğuldur. Həmin şəxslərdən biri də koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bundan başqa, Çindən gələn başqa bir qadın turistin də koronavirusla bağlı ilkin analizləri müsbət çıxıb. Həkimlər dəqiqləşdirmə üçün daha bir analiz keçirəcəklər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin