San-Marino
Ümumi məlumat
San-Marino İtaliya ərazisində yerləşən balaca müstəqil respublikadır. Onun 31 mindən çox əhalisi və 10 böyük şəhəri var. Ölkə ərazisinə görə çox kiçik olsa da, qeyri-adiliyi ilə turistləri heyran edir. Paytaxtı San-Marino şəhəridir. Dövlət dili italyan dili, dini isə əsasən katolikdir. San-Marino Avropanın ən qədim ölkələrindən biri hesab olunur. Ərazisi doqquz vilayətə bölünür ki, bunlar da kastelli adlanır. Kastelli italyan dilindən tərcümədə qala deməkdir. Ölkənin ümumi sahəsi 60, 57 kvadrat kilometrdir. San-Marino paytaxt olsa da, respublikanın ən böyük şəhəri Serravalledir. Hər il sentyabrın 3-də San-Marinonun sakinləri Müqəddəs Marinonun bayramını və Respublikanın yaranma gününü qeyd edirlər. Əhali qonaqpərvərliyi ilə seçilir və hər zaman turistləri gülərüzlə qarşılayır.
Tarixi
San-Marino şəhərinin tarixi Müqəddəs Marino haqqında əfsanə ilə bağlıdır. 298-300-cü illərdə o, mənzərəli Dalmasiyada (hazırda Xorvatiyanın Qul adası) dini təqiblərə məruz qalır. Onlardan qaçmaq üçün Rimini şəhərinə üz tutur. Burada Marino daşyonan kimi çalışır və ilk dəfə Titano dağında daş karxanası aşkar edir. Həmin yerdə özünə kiçik hücrə tikir. Marinonun sürdüyü pak həyatdan hər kəs xəbər tutur və bir çox insan buraya köçüb onun hücrəsi ətrafında evlər tikməyə başlayır. Beləliklə, tez bir zamanda həmin yerdə balaca dağlıq monastır əmələ gəlir. Monastırı Müqəddəs Marino, yəni San-Marino adlandırırlar. VI əsrin sonunda şəhər siyasi müstəqillik qazanır. 1922-1943-cü illərdə San-Marinoda bütün İtaliyada olduğu kimi faşist diktaturası hökmranlıq edir. San-Marino hər zaman neytral mövqe saxlayıb. O, yeganə şəhərdir ki, bir dəfə də olsun işğal edilməyib.
Şopinq
San-Marino alış-veriş üçün hər zaman açıqdır. Burada siz istənilən növ geyimləri 30-70% endirimlə əldə edə bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, iyundan sentyabradək bura çoxlu sayda turistlər gəlir, bu da o deməkdir ki, siz istədiyiniz ölçüləri tapmaya bilərsiniz. İtalyan dizaynerlərin brendlərini ucuz qiymətə almaq olar. San-Marino Kürk həvəskarlarının əsl yeridir. Kürklərin keyfiyyəti əla, xəzi gözəl, dizaynı isə olduqca cəlbedicidir. Qiymətlər təxminən 1000-1500 avrodan başlayır. San-Marinoda, həmçinin autletlər çoxluq təşkil edir. San Marino Factory Outlet mərkəzində 30-70% endirimlə siz orta və tanınmış brendləri əldə edə bilərsiniz. Həmçinin «Park avenu» ticarət mərkəzindən Brioni, Celine, Clohe, Etro, Marc Jacobs, Prada, Tod’s və s. kimi brendləri sərfəli qiymətə ala bilərsiniz.
Mətbəxi
San-Marino mətbəxinin heç bir özəlliyi yoxdur. Burada əsasən italyan xörəkləri üstünlük təşkil edir: populyar tortellini, pasatelli (bulyon), talyatelle, lazanya, ravioli, kanelloni, pastalardan isə strozapetti, kapeletti-in-brodo və s. Həmçinin şirik şüyüdlə qızardılmış dovşan əti, ədviyyatlı toyuq əti, eskalopa və müxtəlif kotletlər: bolonyeza kotletləri, mutfuls. Desert üçün isə San Marino piroqu və kaçyatello (karamel) şirnisi. Masada həmişə pyada (lavaşa oxşayan çörək), ənənəvi polenta və müxtəlif pendirlər olur. Nadir hallarda kotiş-di-kon-i-facioli şorbasına rast gəlmək mümkündür. Bu şorba paxla və donuz ətindən hazırlanır. Daha bir ənənəvi xörək isə minestra-del-poveri və ya bobolotti (kasıblar üçün şorba) adlanır. Onun tərkibində paxla, piy və makaron olur. Hər bir restoran və ya kafedə siz növbənöv şərablara rast gələ bilərsiniz. Yerli «Moskato-di-San-Marino», birinci dərəcəli «Byankale», «Albana», «Sancoveze» və digərləri. Yerli spirtli içkilərdən ən məşhuru isə «Mistra» adlanır.
Görməli yerləri
San-Marino şəhəri tarixi abidələrlə zəngindir. Hökumət sarayı XVI əsrdə memar Françesko Adzurri tərəfindən inşa edilib. Tikintisinə 1884-cü ildə başlanılıb və on il davam edib. Sarayın sağ tərəfində San Marinonun tuncdan hazırlanmış heykəli, yanında isə arxitektor Françesko Adzurinin büstü ucalır. Kilsənin interyeri orta əsrlər üslubunda hazırlanıb, yəni ciddi və əzəmətli. Digər kilsə isə Müqəddəs Fransisko adlanır. Bura XVI-XVII əsr italyan məktəbi rəssamların kolleksiya toplusudur. Bazilika Santo Pyeve 1838-ci ildə memar Antonio Serra tərəfindən inşa edilib. Baş mehrab Müqəddəs Marinonun heykəli ilə bəzədilib. Şəhər müxtəlif vaxtlarda inşa edilən üç divarla əhatə olunub. Şəhər böyüdükcə divarların yarısı uçurdulub. Della Rupe qapıları, başqa cür desək Delya Omerelli qapıları 1525-ci ildə tikilib. Düzbucaqlı qüllədə vaxtilə artilleriya briqadasının silahları yerləşdirilib. Muzeylərə gəlincə, dövlət və kuryozlar muzeyini sadalamaq yetərlidir.