PAYLAŞ

KÖHNƏ SİFİLİS YURDU İNSANI NİYƏ XOŞBƏXT EDİR?

Bu nəhəng dünyada “Balaca Fransa” adlı sehrli məkanın var olduğundan xəbərdarsınızmı? Şəxsən mən xəbərsizdim. Ta ki, Strazburqda yaşayıb, bu gözəlliyi gözümlə görənədək.

Strazburq,Fransa

Deyim var ki, sevdiyinin yaşadığı şəhər sənin üçün bütöv bir asimandır. Həqiqətən belədir. Başını çiyninə, gözünü üzünə, əlini qəlbinə dayayacağın biri varsa, elə qürbət də vətəndir. Hələ onunla yeni yollar kəşf edib, küçələrdə gəzişmək, yad binalara, evlərə, hətta insanlara doğma gözlə baxmağı bacarmaq ən böyük xəzinədir. Eyni gözəlliyi sən sözünlə, o gözü ilə ifadə edir. Beləcə səmanda rənglər uçuşur.

SÜKUTU İLƏ QULAĞI KAR EDƏN ŞƏHƏR
Fransada payız

“Balaca Fransa” haqda nağılımı mənim dilimdən, onun obyektivindən dinləyin.

Fikrimcə, yaşadığın şəhər nə qədər böyükdürsə, özünü bir o qədər tənha hiss edirsən. Strazburq gəlmələr üçün bu baxımdan əlverişlidir. Xudmani, sakit (lakin bəzən sükutu ilə qulağı kar edən), böyük nisbətlə təmizdir. Onun ən gözəl övladı “La Petite France” (Balaca Fransa) məhəlləsidir. Şəhərin ən gözoxşayan, təkrarsız, balaca elzas evlərilə bəzənmiş bu rayonuna hər il on minlərlə turist gəlir. Əbəs yerə “Balaca Fransa 1988-ci ildə YUNESKO-nun Beynəlxalq irsi siyahısına aid ediməyib.

BURA NECƏ YARANIB?
Fransa

XVI əsrdən etibarən bu şirin evlərdə balıqçılar, dəyirmançılar və dəriçiliklə məşğul olan fəhlələr yaşayıblar. İll çayının kənarında tikilmiş bu binalarda yaşayan, xüsusən də dəriçiliklə məşğul olan zəhmətkeş ailələrin evlərindən xoşagəlməz qoxu gələrmiş. Odur ki, binaların səthində qara taxtada karkas olar və dərilər onun üzərinə sərilib, qurudularmış.Evin temperaturunu sabit saxlamaq, dərini keyfiyyətini qorumaq məqsədilə böyük pəncərəli çardaqlar tikilərmiş.

Məhsulun tullantıları isə kanallara tökülərmiş. Dəri, balıq, eləcə də digər məhsul və ərzaq almaq istəyənlərsə qayıqla binaya yaxınlaşar, heç düşmədən qapını döyüb, bazarlıq edərmişlər. Məsələnin əslinə agah olduqca, anlayırsan ki, bu gün rayona xüsusi kolorit qatan bu binalar əslində gözəllik məqsədilə tikilməyib. İnsanların güzəranını özündə əks etdirir.

ÇEŞİDBƏÇEŞİD FRANSIZ PENDİRLƏRİNİN, ŞƏRABLARIN, BAL VƏ DİGƏR ƏRZAQLARIN SATILDIĞI MƏKAN
“La Petite France”

“La Petite France” – qulağa da, dilə də necə xoş gəlir, elə deyil? Lakin sizi məyus edəcəyəm. Bu adın tarixi heç də romantik deyil. Mənbələrə görə, bu ərazidə bir zamanlar fransız xəstəliyi kimi tanınan sifilisdən əziyyət çəkən xəstələrin müalicə aldığı xəstəxana yerləşib (sifilis – cinsi yolla ötürülüb, daxili orqanları, sümükləri, hətta sinir sistemini zədələyən bakterial xəstəlikdir). Sifilisin Avropaya ayaq açması haqda ən çox yayılan rəvayətdə Kolumbun adı keçir. Belə ki, tarixi fərziyyələrə görə, Kolumbun gəmisinin matrosları sifilisi “Yeni Dünya” olan Amerikadan Avropaya gətirib, yayıblar. Onları da sifilisə Haiti aborigenləri yoluxdurub. Əsas odur ki, həmin xəstəxana artıq bir neçə əsrdir ki, fəaliyyət göstərmir. Onun əvəzinə, Balaca Fransada qonaqlarına milli mətbəxin dadlı nümunələrini təqdim edən “bahalı” restoran və kafelər, eləcə də əraziyə xas suvenirlərin, çeşidbəçeşid fransız pendirlərinin, şərabların, bal və digər ərzaqların satıldığı mağazalar var.

BALACA KÖRPÜLƏR, DAR KÜÇƏLƏR, RƏNGBƏRƏNG BİNALAR
“La Petite France”

Taxta pilləkanlara toxunanda isə məkanın qədim tarixini duya bilərsiniz. Binaların pəncərələri daim al-əlvan çiçəklərlə bəzədilir. Bu da onlara xüsusi hərarət qatır.

Bura balacaların da sevimli məkanıdır. Balaca körpülər, dar küçələr, rəngbərəng binalar sanki Qrimm qardaşlarının nağıllarından gəlib. Çayda üzən ördəkləri, qu quşlarını yemləmək isə uşaqdan böyüyə hər kəsin sevimli məşğuliyyətidir.

“La Petite France” hətta ən etinasız turisti belə sehrinə salıb, özünə heyran qoyur. Ölkə içində ölkəyə, şəhər içində şəhərə salır. Su nəqliyyatı ilə şəhəri gəzəndə isə tikililər insanın gözünə daha əsrarəngiz görünür. Maraqlısı isə odur ki, bu nağıl evlərdə hələ də yaşayanlar var.

FRANSANIN VENESİYASI
Fransanın Venesiyasısı

Balaca Fransanı Venesiyaya bənzədənlər də olur. Zənnimcə, bu əsrarəngiz məkanı gəzmək üçün ideal zaman sübh çağı bütün şəhərin yatdığı, sadəcə bəzi sakinlərin ev heyvanlarını gəzintiyə çıxartdığı vaxtdır. Çünki turistlərin səs-küyündən, işə tələsənlərin təlaşından uzaq məkanla təkbətək qalıb, hətta bir velosiped kirayələyib, onu daha yaxından tanımaq şansı qazanırsınız.

Görürsünüz, böyük Fransanı sevmək üçün sizə daha bir səbəb – “Balaca Fransa”…