Dağıstan ustalarının ağac üzərində metal inkrustasiyası, gümüşlə işlənmiş naxışlardan ibarət məmulatları, dulusçuluq və xalçaçılıq nümunələri, habelə üzərində incə naxışlar olan parçaları bu respublikanın hüdudlarından kənarda da tanınır. Əl əməyinin o qədər də böyük gəlir mənbəyi olmamasına baxmayaraq, dağ kəndlərində bütöv sülalələr öz sənətkarlıq ənənələrinə sadiqdirlər.
Dağıstana səfəriniz zamanı əldə edəcəyiniz xalq tətbiqi-sənəti nümunələri haqqında kiçik icmalı təqdim edir.
Untsukul: ağac üzərində metal inkrustasiyası
Untsukul kəndinin sakini Maqomedali Maqomedaliyev 26 ildir ki, bu sənətlə məşğul olur. Dağıstanda XVII əsrdən bəri geniş yayılmış ağac üzərində metal inkrustasiyası onun həyatının mənasıdır. Maqomedali bu barədə deyir: “Ustamın mənə verdiyi ilk tapşırıq əsa dəstəyinin düzəldilməsi idi. O vaxt düşündüm ki, heç bir zaman bu sənəti öyrənə bilməyəcəm”.
Bu işi yerinə yetirmək üçün ərik və zoğal ağaclarından istifadə olunur. Onları meşədən gətirir və xüsusi sobaya qoyurlar. Ağac tədricən isinir və saqqız kimi daha yumşaq hala gəlir. Məhz bu mərhələdə onu istənilən formaya salırlar.
Formasını almış ağacı soyudur və onun üzərindən iri budaqları qoparırlar. Budaqdan hazırlanmış əsa ən qiymətli hesab olunur. Kiçik kələ-kötürləri hamarlayır, lakin əsanın sanballı olmasından ötrü onları tamamilə yox etmirlər. Sonra karandaşla inkrustasiya naxışlarını çəkirlər. Gümüşdən nazik lövhələr kəsir və onu səliqə ilə ağaca çəkərək, sonra üzərində rəsmləri işləyirlər. Daha sonra hazır məmulatı lakla örtürlər.
1937-ci ildə Untsukul ustalarının əl işləri Parisdə keçirilən beynəlxalq sərgidə qızıl medala və birinci dərəcəli diploma layiq görülüb.
Ustalar dekorativ əsaları yalnız XX əsrdə düzəltməyə başlayıblar. Ona qədər bütün məlumatlar praktik tətbiq məqsədilə düzəldilirdi.
Ənənəyə görə, hər bir usta müəyyən məmulat növünə cavabdehdir (məsələn, yalnız əsalar). Ağac tədarükünü kişilər edir, qadınlar isə inkrustasiya ilə məşğul olurlar. Maqomedali çox az ustalardandır ki, hər iki işi özü görür. Onun övladları dağlılar üçün çox əziz olan bu sənəti davam etdirmək niyyətindədirlər.
Sovet dövründə Untsukuldakı inkrustasiya fabrikində 200 nəfər çalışırdı. İndi isə kənddə cəmi 20 usta qalıb.
Usta Maqomedali bununla bağlı deyir: “Təəssüf ki, bu sənətə həvəs azalır. 1970-ci illərdə buraya Moskvadan mütəxəssislər gəlmişdi və onlar paytaxtda da bizim məmulatları istehsal etmək istəyirdilər. Lakin bu, alınmadı: bir əşyanı düzəltmək üçün həddindən çox əmək sərf etmək lazımdır”.
Kubaçi: zərgərlik məmulatları
Daxadayev rayonundakı Kubaçi kəndi hələ IV əsrin fars mənbələrində Zərixgeran, yaxud “zirehli geyim ustaları” adı ilə xatırlanır. Yerli silah ustalarının əl işləri kəndin hüdudlarından da kənarda tanınırdı. Kubaçililər iddia edirlər ki, Makedoniyalı İskəndərin dəbilqəsini də onların əcdadları düzəldiblər.
Silah və zirehli geyim ilə yanaşı, Kubaçidə eyni texnikadan – tökmə, qara rəngə boyama, inkrustasiya və gümüş lövhə üzərində qızılla işləmədən istifadə etməklə zərgərlik məmulatları da düzəldirdilər.
Hazırda kənd sakinlərinin əksəriyyəti zərgərlik sənəti ilə məşğul olur. Uşaqların birinci sinifdən bu sənətə öyrədirlər, yerli məktəblərdə “Kubaçi sənətinin əsasları” dərsi keçirlər. Hər bir Kubaçi sakini naxış işlənilməsini, simmetriya və ornamentləri düzgün istifadə etməyi bilməlidir.
Ustalar ayrı-ayrı sahələr üzrə ixtisaslaşıblar. Bəziləri formaları hazırlayır, digərləri şəbəkəli filiqran işləyir, üçüncülər isə məmulatı cilalayırlar. Beləliklə, bir sifariş 5-6 adamı işlə təmin edir.
Kəndin ağsaqqalı və bu diyarda turizmi inkişaf etdirən Rəsul Kurtayev deyir: “Əgər zəncirin halqalarından biri yox olarsa, onda bütün istehsalat dayanacaq. Yalnız 1-2 usta bu işi əvvəldən axıradək görə bilər”.
Qəsəbənin mərkəzində yerli ustaların istehsal etdikləri üzük, xəncər, 90 yemək dəstindən ibarət serviz satılan mağaza da var.
Qotsatl: Avar gümüşü
Qotsatl zərgərləri bu sənəti Kubaçi ustalarından öyrəniblər. Bu səbəbdən onların əl işlərində Kubaçi zərgərlik ənənələrinin təsiri görünür. Fərqli olan isə yalnız naxışlardır. Kubaçi zərgərləri məmulatın səthini bərabər ölçüdə, bütöv incə naxışla işləyirlər. Qotsatl ustaları isə onların üzərində iri şəbəkəli naxışlar həkk edirlər.
Metal emalı üzrə usta Sultanəhməd Maqomedaliyev öz ulu babalarının sənətini yaşadır. Onun əcdadları hələ Qafqaz müharibəsi dövründə mis üzərində döymə ilə məşğul olublar. Maqomedaliyev deyir: “Mən Kostroma şəhərində rəssamlıq məktəbini və Mahaçqalada rəssamlıq-qrafika fakültəsini bitirmişəm. 1990-cı illərdə məni zərgərlik kombinatının direktoru təyin etdilər. Bu müəssisədə avar gümüşündən məmulatlar buraxılırdı. Lakin 11 il direktor olduğum vaxtda da əllərim öz sənətim üçün darıxıb”.
Sultanəhməd gümüş emalının bütün texnikasını mənimsəyib və hər hansı mərhələdə – gümüşün əridilməsindən hazır məmulatın cilalanmasınadək olan işlərin hamısını özü yerinə yetirir. O, tez-tez vaza, kitab üçün üzlük, silah və bəzək əşyaları sifarişlərini qəbul edir: “Bu gün mənə bir qılınc gətirdilər və onun qınını bəzəməyi xahiş etdilər. Həmin adamın əmisi Rus yapon müharibəsində iştirak edib və qılınc o vaxtdan qalıb. Mən əvvəlcə gümüşü rəngə çalan melxior qarışığı ilə naqqaş qələmindən istifadə etməklə onun üzərində naxış işləməyi düşündüm. Sonra məmulatı sobaya qoyaraq onu bərkitdim və naqqaş qələmi ilə bəzəyərək cilalamağa başladım”.
Məmulatları birbaşa zərgərlərin özündən də satın almaq olar. Çərşənbə axşamı və cümə günləri isə, burada bazar təşkil edildiyindən emalatxanalar bağlı olur. Əgər ustaların işinə baxmaq istəyirsinizsə, o zaman başqa günləri seçməlisiniz.
Balxar: keramika
Orta əsrlərdə Dağıstanda on iki keramika mərkəzi olub. Bu gün onlardan yalnız biri – Balxar qorunub saxlanılıb.
Usta Zarema İbrahimova məktəbdə dulusçuluq dərsi keçir. O deyir: “Kəndin yaxınlındakı vadidə rəngarəng gil yataqları var. Deyirlər ki, orada bir zamanlar göl olub. Ənənəyə görə, xammalı kişilər çıxarır, qadınlar isə onu emal edirlər.
Balxarda həmişə kişilərə dulusçuluqla məşğul olmaq qadağan edilib. Qurumuş gil xammalının üzərində qadın ustalar incə ağ naxışlar çəkirlər. Onlar fırça və əldəqayırma boyalardan istifadə edirlər. Fırçanı uzunqulağın quyruğundakı tükdən, rəngi isə qurumuş gilin suyundan əldə edirlər. Belə ki, gilin üzərinə əlavə su tökürlər və uzun müddət saxlayırlar. Nəticədə su orqanik bir rəng alır.
Balxar ustalarının məmulatları arasında süd saxlamaq üçün küpə, yağ çalmaq üçün qablar, su və kvas üçün bardaq, bulaqdan su gətirmək üçün səhəng, dənləri saxlamaq və yuyunmaq üçün qablar və digərləri var.
Balxar keramikasının istehsalı prosesini izləmək və suvenir əldə etmək üçün mərkəzi emalatxanaya getmək lazımdır. Kəndin hər bir sakini sizə oranı nişan verə bilər. Zarema fəxrlə deyir ki, onların düzəltdikləri və suyu həmişə sərin saxlayan səhənglər daha çox populyardır. Onların qiyməti 7,5 dollar, meyvə üçün gümüş vazalar isə 38 dollardır.
Kaytaq: naxış tikmə
Kaytaq naxış tikmə sənətinin mərkəzi Macalis kəndidir. Dörd əsr bundan əvvəl olduğu kimi, indi də ustalar pambıq parça üzərində ipək saplarla incə naxışlar tikirlər. Bu sənətin texnikası isə çox qənaətcildir. Burada tərs tikişarası demək olar ki, yoxdur, bahalı saplardan yalnız parçanın üz tərəfində istifadə edirlər.
Parçanın üzərinə işlənmiş səthi birtərəfli hamar qaydada uzun xətlə bəzəyirlər. Bəzən onlar həddindən artıq uzun olduğundan kənarlarını eninə xətlərlə tamamlayırlar. Bu texnika çox böyük əmək tələb edən və çətin üsuldur. Bir məmulatın işlənilməsinə bəzən üç aydan yarım ilədək vaxt sərf olunur. Sapları natural rənglərlə boyayırlar. Məsələn, boyaqotu bitkisi qırmızı, quzuotu isə sarı rəngdədir. Ustalar qoz qabığından tünd çəhrayı, indiqoferadan isə göy rənglər əldə edirlər.
Parçanın üzərinə naxışların işlənilməsi sifarişçinin arzusu ilə yerinə yetirilir. Məsələn, uğurlu ov və ya müharibədə qələbə qazanmaq üçün at rəsmi, günəş və bərəkət rəmzi olaraq dairə və ovallar, uzun ömürlü olmaq üçün isə ağac təsvirləri işlənilir. Rənglərində də böyük əhəmiyyəti var. Ağ rəng təmizliyin, qırmızı və sarı isə sevincin rəmzidir.
Əvvəllər naxış tikilmiş məmulatlarda müxtəlif ayinlərdə – uşaqlar doğulduqda, toylarda və yaslarda istifadə edirdilər. Onları yeni doğulmuş körpənin beşiyinə qoyur, vəfat etmiş insanın üzərinə örtürdülər. Gəlin isə, naxış tikilmiş bəzək məmulatını ər evinə aparırdı. Bu hadisələrdən hər biri üçün xüsusi naxışlar mövcud idi.
Adətən ustalar naxış rəsmlərini konkret bir hadisə üçün yaradırlar. Ona görə də xoşunuza gələn hazır məmulatı yerində almaq mümkün deyil. Amma studiyaya gələrək onları sifariş etmək olar.
Dağıstanlı dizayner Şamxal Əlixanovun sayəsində Kaytaq naxış tikmə sənəti müasir modanın bir hissəsinə çevrilib. O, ənənəvi naxışlardan kişi kostyumlarında da istifadə edir. 2006-cı ildən Moskvada keçirilən Moda həftəsinin daimi iştirakçısı olan Əlixanov deyir: “Artıq insanları sadə kostyumla təəccübləndirmək olmur, bu səbəbdən də mən etnik elementlərə müraciət edirəm. Bu, mənim köklərimlə bağlıdır”.
Xuçni: xalçalar
Dağıstanda xalçaçılıq sənətinin mərkəzi Tabasaran rayonu olub. Buradakı xalqlar ənənəvi olaraq heyvandarlıqla məşğul olub və onların yunundan xalça toxuyublar.
Tabasaranın Xuçni kəndi çox gözəl xalçaların toxunduğu bir məkandır. Əvvəllər onları yalnız evdə işlətmək üçün toxuyurdular. Yerli sakinlərin evlərində döşəmələr soyuq gildən olurdu. Sonradan dağıstanlı qızlar cehiz üçün xalça toxumağa başladılar. Bununla da bəyin valideynləri gəlinin ustalığına qiymət verirdilər. Onlar xalçanın keyfiyyətini diqqətlə yoxlayırdılar. Onu günəşin və yağışın altında saxlayır, çəndə suyun içərisində isladır, çapan atların ayağının altına salırdılar. Bütün bu sınaqlardan sonra xalça öz forması və rəngini qoruyub saxlamalı idi. Tabasaran xalçasının ömrü təxminən 300 il olur.
Təcrübəli toxucular üçün bir kvadrat metr xalçanı toxumaq bir aya başa gəlirdi. Adətən böyük xalçaların üzərində bir neçə qadın işləyirdi.
Naxış tikmə sənətində olduğu kimi, xalçaçılıqda da iplərin əldəqayırma boyalarla rəngləyirlər. Qadınlar dağlarda ot və bitki köklərini toplayır, onları isladır, sonra suda qaynadaraq soyudurlar. Bir kiloqram yunu boyamaq üçün qabın içərisində kisələrlə boyaqotu olmalıdır. “Natural boyalarla xalça toxunması çoxlu vaxt və zəhmət tələb edir”, – deyə Mahaçqaladakı Təsviri Sənət Muzeyinin bərpaçı ustası Cəmilə Daqirova vurğulayır.
Tabarsaranlılar xovlu və xovsuz xalçalar toxuyurlar. Birinciləri divardan asır, digərlərini isə döşəməyə salırlar. Xalçanın naxışları böyük əhəmiyyət kəsb edir. Həndəsi fiqurların vəhdəti ilə dəvəquşu, əjdaha və ya ağac təsvirlərini toxumaq olar. “Səfər” ənənəvi təsvirində isə, tufan vaxtı dağlarda həlak olmuş gənc çobanın əfsanəsindən bir süjet əks olunub.
Həndəsi fiqurlar arasında gözlənilmədən qızıl gül rəsmlərinə də rast gəlinir ki, əslində bunun heç bir gizli mənası yoxdur. Tabasaranlılar deyirlər ki, xalçaları Qafqaz müharibəsindən sonra qızıl güllərlə bəzəməyə başlayıblar. Həmin vaxt rus əsgərləri Dağıstana “pavloposad yaylıqları” gətiriblər.
Xuçni xalçalarını sifarişlə toxuyurlar və ustalarla əvvəlcədən razılaşmaq lazımdır. O qədər də böyük olmayan xalça üzərində iş isə, təxminən 3-4 ay davam edir.