Dağıstan ustalarının ağac üzərində metal inkrustasiyası, gümüşlə işlənmiş naxışlardan ibarət məmulatları, dulusçuluq və xalçaçılıq nümunələri, habelə üzərində incə naxışlar olan parçaları bu respublikanın hüdudlarından kənarda da tanınır. Əl əməyinin o qədər də böyük gəlir mənbəyi olmamasına baxmayaraq, dağ kəndlərində bütöv sülalələr öz sənətkarlıq ənənələrinə sadiqdirlər.
Dağıstana səfəriniz zamanı əldə edəcəyiniz xalq tətbiqi-sənəti nümunələri haqqında kiçik icmalı təqdim edir.
Untsukul: ağac üzərində metal inkrustasiyası
Untsukul kəndinin sakini Maqomedali Maqomedaliyev 26 ildir ki, bu sənətlə məşğul olur. Dağıstanda XVII əsrdən bəri geniş yayılmış ağac üzərində metal inkrustasiyası onun həyatının mənasıdır. Maqomedali bu barədə deyir: “Ustamın mənə verdiyi ilk tapşırıq əsa dəstəyinin düzəldilməsi idi. O vaxt düşündüm ki, heç bir zaman bu sənəti öyrənə bilməyəcəm”.

Bu işi yerinə yetirmək üçün ərik və zoğal ağaclarından istifadə olunur. Onları meşədən gətirir və xüsusi sobaya qoyurlar. Ağac tədricən isinir və saqqız kimi daha yumşaq hala gəlir. Məhz bu mərhələdə onu istənilən formaya salırlar.
Formasını almış ağacı soyudur və onun üzərindən iri budaqları qoparırlar. Budaqdan hazırlanmış əsa ən qiymətli hesab olunur. Kiçik kələ-kötürləri hamarlayır, lakin əsanın sanballı olmasından ötrü onları tamamilə yox etmirlər. Sonra karandaşla inkrustasiya naxışlarını çəkirlər. Gümüşdən nazik lövhələr kəsir və onu səliqə ilə ağaca çəkərək, sonra üzərində rəsmləri işləyirlər. Daha sonra hazır məmulatı lakla örtürlər.
1937-ci ildə Untsukul ustalarının əl işləri Parisdə keçirilən beynəlxalq sərgidə qızıl medala və birinci dərəcəli diploma layiq görülüb.
Ustalar dekorativ əsaları yalnız XX əsrdə düzəltməyə başlayıblar. Ona qədər bütün məlumatlar praktik tətbiq məqsədilə düzəldilirdi.
Ənənəyə görə, hər bir usta müəyyən məmulat növünə cavabdehdir (məsələn, yalnız əsalar). Ağac tədarükünü kişilər edir, qadınlar isə inkrustasiya ilə məşğul olurlar. Maqomedali çox az ustalardandır ki, hər iki işi özü görür. Onun övladları dağlılar üçün çox əziz olan bu sənəti davam etdirmək niyyətindədirlər.
Sovet dövründə Untsukuldakı inkrustasiya fabrikində 200 nəfər çalışırdı. İndi isə kənddə cəmi 20 usta qalıb.
Usta Maqomedali bununla bağlı deyir: “Təəssüf ki, bu sənətə həvəs azalır. 1970-ci illərdə buraya Moskvadan mütəxəssislər gəlmişdi və onlar paytaxtda da bizim məmulatları istehsal etmək istəyirdilər. Lakin bu, alınmadı: bir əşyanı düzəltmək üçün həddindən çox əmək sərf etmək lazımdır”.
Kubaçi: zərgərlik məmulatları
Daxadayev rayonundakı Kubaçi kəndi hələ IV əsrin fars mənbələrində Zərixgeran, yaxud “zirehli geyim ustaları” adı ilə xatırlanır. Yerli silah ustalarının əl işləri kəndin hüdudlarından da kənarda tanınırdı. Kubaçililər iddia edirlər ki, Makedoniyalı İskəndərin dəbilqəsini də onların əcdadları düzəldiblər.
Silah və zirehli geyim ilə yanaşı, Kubaçidə eyni texnikadan – tökmə, qara rəngə boyama, inkrustasiya və gümüş lövhə üzərində qızılla işləmədən istifadə etməklə zərgərlik məmulatları da düzəldirdilər.
Hazırda kənd sakinlərinin əksəriyyəti zərgərlik sənəti ilə məşğul olur. Uşaqların birinci sinifdən bu sənətə öyrədirlər, yerli məktəblərdə “Kubaçi sənətinin əsasları” dərsi keçirlər. Hər bir Kubaçi sakini naxış işlənilməsini, simmetriya və ornamentləri düzgün istifadə etməyi bilməlidir.
Ustalar ayrı-ayrı sahələr üzrə ixtisaslaşıblar. Bəziləri formaları hazırlayır, digərləri şəbəkəli filiqran işləyir, üçüncülər isə məmulatı cilalayırlar. Beləliklə, bir sifariş 5-6 adamı işlə təmin edir.
