PAYLAŞ
Darıdağ

Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral sular var. Onlardan çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Bu cür sulardan biri də böyük debitə malik olan yeraltı sərvətlərdən biri  Darıdağ arsenli mineral suyudur. İstirahət mərkəzi Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə yerləşir.

Darıdağ Arsenli Su Müalicəxanasında 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su, bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir.

Müalicə 

Darıdağ kükürdlü  isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks halda, ürək qan damarlarının genişlənməsi baş verə bilər.

Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Poşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.

1080 metr dərinlikdən çıxan 5 nömrəli bulaqdan arsenli su borular vasitəsilə qadın və kişilər üçün ayrı-ayrı qapalı hovuzlara nəql edilir. Bulağın gözündə suyun hərarəti 52 dərəcə, vannalarda isə 37-41 dərəcə olur. Müalicəxanada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür.

İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Bu su ilə müalicə daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində geniş tətbiq edilir.

Qiymətlər

Qiymətlərə gəlincə isə yerli vətəndaşlar üçün müalicə mərkəzinə giriş 5 manat xarici vətəndaşlara giriş isə 10 manatdır. Müalicə kursu minumum 10 gün üçün nəzərdə tutulub. Burada bir çox xəstəliklərdən müalicə olunmaq olar. Müalicə zamanı isə mərkəzə yaxın yerlərdə yerləşən evləri karayələmək mümkündür. Bu cür evlərdə 10 gün qonaqlama 100 manatdır.