Azərbaycan iri beynəlxalq tədbirlərin keçirilməsi üzrə zəngin təcrübəyə malikdir.
Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrebtsova söyləyib.
Politoloq əlavə edib: “Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları, həmçinin Bakı Beynəlxalq Humanitar Forumu, Sivilizasiyalar Alyansı kimi və digər beynəlxalq forumlar və konfranslar ən yüksək səviyyədə təşkil olunub. Azərbaycanda müasir stadionlar, rahat otellər və maraqlı görməli məkanlar var. Bakıya bir dəfə səyahət edən turistlər və azarkeşlər bu şəhərə bir daha gəlmək istəyirlər. Bu cür irimiqyaslı tədbirlərin təşkil olunması avropalı turistlərin özləri üçün yeni ölkəni kəşf etməsi, onun mədəniyyəti ilə tanış olması üçündür. Bu, ölkəni dünya ictimaiyyətinə tanıtmaq üçün əla vasitədir. Bakıdan matçın translyasiyasına bütün dünya baxacaq”.
Darya Qrebtsova vurğulayıb ki, Azərbaycanda bir neçə istiqamətdən turist axını formalaşıb. “Ən çox axın Rusiyadandır, ondan azacıq aşağı sayda turistlər isə ərəb ölkələri və İrandan gəlirlər. Hələ ki, avropalı turistlər Azərbaycanın turizm baxımından necə maraqlı ölkə olduğu, burada çoxlu qeyri-adi və unikal görməli məkanları görəcəkləri barədə az məlumatlıdırlar. “Azərbaycanın səhər yeməyi” xüsusi diqqətə layiqdir. Onun dadına baxan hər kəs artıq bu nemətlərə biganə qala bilməz. UEFA Avropa Liqasının final matçı avropalı turistlərə yeni maraqlı ölkəni kəşf etmək imkanı verəcək”, -deyə Darya Qrebtsova qeyd edib.