Ev Turizm Xəbərləri Azərbaycanın hava limanları nə qədər sərnişinə xidmət göstərib?

Azərbaycanın hava limanları nə qədər sərnişinə xidmət göstərib?

Azərbaycanın hava limanı

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin ilk dörd ayı ərzində 1,23 milyon sərnişinə xidmət göstərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq reyslərlə ümumilikdə 1,06 milyon sərnişin daşınıb. Göstərilən müddət ərzində aeroportun baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 511 min və 130 min 500 sərnişin daşıyıb. Bu isə ötən ilin göstəricisindən 6 min nəfər çoxdur. 

Beynəlxalq reyslərin ümumi sayının 32,3 faizi AZAL-ın, 12,3 faizi “Buta Airways”in payına düşüb. Göstərilən müddətdə xarici aviaşirkətlərin payı 55,4 faiz təşkil edib.   

Ümumilikdə, Azərbaycanın beynəlxalq hava limanları 2019-cu ilin ilk dörd ayı ərzində 1,45 milyon sərnişinə xidmət göstərib. Bu, Cənubi Qafqazın bütün hava limanları arasında rekord göstəricidir.

Hazırda 26 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən – Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. Həmçinin “flyNas”, “Kuwait Airways” və Türkiyənin loukosteri “Pegasus”un uçuşlarının bərpa edilməsi planlaşdırılır. 

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.  

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq edib, həmçinin, maksimal “5 Ulduz” statusuna layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.