Daşkəsən

Avqustun 28-də Qazaxyolçular kənd tam orta məktəbinin həyətində, açıq havada vətəndaşların səyyar qəbulu keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində son illər ölkəmizdə, o cümlədən Daşkəsəndə görülən işlər barədə ətraflı məlumat verib. SİA-nın verdiyi məlumata görə, rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən danışıb. Təmir-tikinti işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söhbət açıb.

Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisi yüksək səviyyədə aparılaraq başa çatdırılıb. Nəticədə Qazaxyolçular kəndinin də bu sahədə olan problemi tam öz həllini tapıb. İnsanların gediş-gəlişi asanlaşıb. Ərazidə kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına şərait yaranmışdır.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlər ediblər. Onlar kənd daxili yolların təmirinə, elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunmasına, uşaq bağçasının təmirinə və digər şəxsi problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin qaldırdığı təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində müsbət həllini tapıb.

Kənd sakinləri respublikamızda və eləcə rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə göstərilən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin