Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, yeni növ koronavirusun dünyanın ən vacib iqtisadi sektorlarından biri olan turizmə təsiri ilə bağlı hesabatını açıqlayıb.
Baş katib hesabatda pandemiyanın 1,2 trilyon dollar gəlirin itirilməsinə və 120 milyon insanın işsiz qalma ehtimalı olduğuna işarət edib.
Maraqlıdır, Azərbaycan bu təsirlərdən necə yayına bilər?
İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın bu təsirlərdən yayınması mümkünsüzdür:
“Mümkün deyil ki, Azərbaycan bu proseslərdən kənarda qalsın. Azərbaycanda digər problem də budur ki, hələ daxili turizm də açılmayıb. Baxmayaraq ki, artıq yay mövsümü də bitmək üzrədir. Daxili turizmin açılmaması, xarici turizmlə də mart ayının ortalarından sərhədlərin bağlanması Azərbaycanın pandemiyadan itkisiz çıxmasını mümkünsüz edir. Rəqəmlər də göstərir ki, ən çox itki görən sahə turizmdir və dövriyyəsinin az qala tamamını itirən də turizmdir”.
N.Cəfərli yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün heç olmasa, daxili turizmin açılmalı olduğunu deyib:
“Az itki ilə çıxmaq üçün sərhədlər açılmalıdır. Bu yolla Azərbaycan turizmində də canlanma ola bilər. Rəsmi rəqəmlərə görə, ölkəmizdə 24 min insan turizm sahəsində çalışırdı. Qeyri-rəsmi, günəmuzd çalışanları da hesablasaq, burada on minlərlə insanın iş yerini itirməsi də təəssüf ki, fakta çevirilib. Daxili turizm mövsümün sonuna qədər açılsa, buna da olsa, rayonlardakı turizm obyektlərinə müsbət təsir göstərə bilər, müəyyən dərəcədə itkiləri sığortalamaq olar. Amma ümumilikdə dünyada gedən proseslər Azərbaycanda da təkrarlanacaq, ölkə turizmi böyük itkilərlə rastlaşacaq”.